23 Ocak 2016 Cumartesi

Şəki Haqqında

        Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şəki öz füsunkar təbiəti,nadir tarix-memarlıq abidələri,inkişaf etmiş sənətkarlıq,zəngin tarixi mədəni irsin qorunması nəticəsində Azərbaycanın mühum turizm regionuna çevrilmişdir.Əbəs yerə deyildir ki Şəki  “acıq səma altında muzey” adlandırılır.Hazırda Şəki rayonunun
 
        
         Ərazisi - 2,43 min kv.km
        
         Əhalisi - 177,5 min nəfər
        
         İnzibati vahidlərinin sayi - 1 şəhər,2 qəsəbə,68 kənd.
        
         İqlimi - alçaq dağlıq zonalarda mülayim,isti,orta və yüksək dağlıq zonalar üçün soyuq iqlim tipi xarakterikdir.Orta illik temperatur dağ ətəyi ərazilərdə 10 dərəcə,yüksək ərazilərdə ise 0 dərəcədən aşağıdır.
        
         Əsas çaylari - Kiş,Şin,Daşağıl.
         
         Sənayesi - ipəkçilik,yeyinti və toxuculuq.
        
         Kənd təsərrüfatı - taxıl,üzüm,tütün,heyvandarlıq,meyvə və giləmeyvə.
         
          Nəqliyyatı: Şəkini Azərbaycanın digər rayonları ilə inkişaf etmiş nəqliyyat şəbəkəsi – dəmir yolu və avtomobil yolları birləşdirir.Şəkidən Bakı şəhərinədək olan məsafə 305 km-dir.
             

          Coğrafi şəraiti: Şəki Azərbaycanın  şimal –qərbində , Böyük Qafqaz dağlarının cənub yamacında , dəniz səviyyəsindən 632 metr yüksəklikdə yerləşir.Bol su ehtiyatı, normal rütubət  balansı , məhsuldar  torpaqlar , zəngin meşə örtüyünə malikdir.Qonur dağ-meşə,qəhvəyi dağ-meşə,çəmən- meşə , boz, qonur torpaqlar geniş yayılmışdır.Meşələrdə palıd, fıstıq , qoz ağacları üstünlük təşkil edir.Heyvanat aləmi zəngindir.

Anonim Şəxsin Qələmə Aldığı Hekayət

Hüseyn xanın əyyami-hökuməti iyirmi iki il olduqda, Hacı Əbdülqadir fürsət tapıb, qəflətən bir gün məxfi gəlib, yanında olan Ərəş və Şəki bəyləri ilə. Ərəş bəylərindən yanında olan bəylər Məlik Əlinin əqrəbalarından imiş, hansı ki Məlik Əlini qətlə yetirməkli ədavətinə. Şəkidən olan bəylər Hacı Şeyx Əli nəslindən olub, onların da Hacı Rəsul bəy ki, Hacı Şeyx Əlinin oğlu və (Məhəmmədhüseyn xanın) yeznəsidir, bunu qətlə yetirməyi cəhətindən kinədar olublar imış. Hacı Rəsul bəyi qətl etməyinə bağışladar ki, mərhumda Hüseyn xanın həmşirəsi (–yəni: bacısı) olub və Hüseyn xan bacısına hörmət edərmiş və amma Hacı Rəsulun qəlbindən xanlıq keçirmiş. Bir gecə öz hərəminə –  xanın həmşirəsidir, söhbətində sual edir ki sən xan həmşirəsi olmaq, yaxud xan hərəmi olmaq istərsən? Hərəmi nə cavab veribsə naməlumdur. Ancaq məxfi, qardaşı xana bu keyfiyyəti xəbər edib. Xan xəbərdar olduqda Hacı Rəsul bəyin hərəkətinə diqqət edib görür ki, həqiqətən də xanlıq tədarükündədir. Bir gün hüzuruna tələb ed ib boğdurmaq ilə qətlə yetirir.

Əz an in cümlə (–yəni: o cümlədən),  ismi məlum Zaman bəy də (?)  bu ittifaqda ki, cümlətani ki altmış adam olurlar, gecə ilən gəlib dağda gizlənib. Səhərdən, adamlar divandan dağılandan sonra qala ki boşallanir və o vaxt da qarovul və ya müstəhfiz (–yəni: mühafizəçi) bərqərar olmayır imiş. Əminlik cəhətinə, qalanın yuxarı qapısından daxil olub, qapıları içəridən bağlayırlar. Qalada ancaq hərəmxanalara məxsus xidmətkarlardan rast gələni qətlə yetirib, xanın üstünə hücum edirlər. Bu vaxt xan da hərəmxanasına mütəssil (–yəni: bitişik) qurğuşunlu otaqda imiş. Bu əhvalatdan xəbərdar olub, içəridən qapıları bağladıqdan sonra bunlar ilə atışmaq başlayır. Ancaq yanında ikinci oğlu Fətəli xan uşaq, tüfəng doldurub verir imiş. Bir neçə saat atışmadan və bir neçəsini qətlə yetirtdəndən sonra, özünə yara yerləşib, ixtiyardan düşür. Axirələmür (–yəni: nəhayət), qapını sındırıb və xanı qətlə yetiriblər (Bu yəqin ki səhvdir! Əslində onu bir həftə saxladıqdan və hansisa müqaviləyə imza atdırdıqdan sonra boğdurmaq yolu ilə edam  etmışdilər.  Bax: M. V. Vidadinin aşağıdakı müxəmməsinə!). Xan vəfat etmiş, Səki əhli xəbərdar olub bir parası qalaya hücum edirlər, qapını bağlı görüb. Və içəridən düşmüş adamları cavab verirlər ki xan qətlə yetişibdir və Hacı Əbdülqadir taxtda əyləşib, bir nəsildir, siz əbəs yerə səy edib təzə xana asi olmayın. Bu söz ilə əhli-Şəki   rücu’ (yəni:–dağılışmaq) edirlər və xan da vəfat edir: tarix-i min yüz doxsan dörddə, hicrətdə (–yəni: 1780-cı ildə). 

Məhəmmədhüseyn Xan Müştaqi'nin Son Şeiri









Ey ağalar, düşdüm təxtü-tacımdan,
Dağıldı nökərim, həm malım mənim.
Neçə kərə əzmi-səfər eylədim,
Tərsə təbdil oldu iqbalım mənim.


Fələk bükdü belim, oxşatdı yaya,
Axıtdı yaşımı döndərdi çaya,
Axır gündə ömrüm keçdi ah-vaya,
Lap pərişan oldu əhvalım mənim.


Oldum zarü-giryan, vardım hər yana,
Bir kimsənə imdad qılmadı mənə,
Müzəyyən otağım qaldı düşmənə,
Tarac oldu taxtım, həm malım mənim.


Qırıldı bəylərim, cümlə havadar,
Üzüldü, əlimdən getdi ixtiyar,
Məclisimdə sayılmayan adamlar
Geydilər atlasım, həm şalım mənim.


Nuxalı eylədi canım qəsdimi,
Yığılıb yer-yerdən tutdular məni,
Kəsdi yağı cəllad başım üstünü,
Yetdi yaman yerə, vay halım mənim.


Üz tutdum, çağırdın o zülcəlalı,
Muradım əksini mən gördüm, vəli.
Xəstə Müştaqi’yəm, qaldı üzülü
Əziz balam sarı, ah, əlim mənim.

Şəki Xan Sarayı




Azərbaycan orta əsr memarlığının klassik nümunələrindən olan Şəki Xan Sarayı Yuxarı Baş Tarix Memarlıq Qoruğu ərazisində Qala divarları içərisində yerləşir.Qeyd etmək lazımdır ki,saray qala içərisində olmasına baxmayaraq,köhnə şərq şəhərləri üçün xarakterik olan əlavə divarlarla əhatə olunmuşdur. Tarixi mənbələrdə və 1853-cü ildə tərtib olunmuş planda qala divarları içərisində 40-a yaxın tikili,3 ayrıca bağ və çoxlu sayda fəvvarəli hovuz olduğu qeyd olunur.Tikililərin çoxunda xan nəslinin ayrı-ayrı üzvləri yaşayırmış.İndi ön fasadın qarşısında  olan bağdan başqa,ortasında düzbucaqlı fəvvarəsi olan bir bağ da sarayın arxa fasadına birləşirmiş.Xan sarayının quzey fasadına ara tikilisi hesabına birləşdirilmiş qış tikilisi də var imiş.Ancaq çox əfsuslar olsun ki, binaların əksəriyyəti çar Rusiyası zamanında dağıdılmış bizim dövrümüzə,yalnızca xanlığın yay iqamətgahı,iki hovuz,qoşa çinar ağacları və qala divarlarının belə inşasından çox əsrlər öncə burada tikilmiş Dairəvi Məbəd  gəlib çata bilmişdir.Hazırda qala içərisində olan digər binalar isə çar Rusiyası zamanında inşa olunmuşdur.
     Dünya əhəmiyyətli tarix və memarlıq abidəsi olan Şəki Xan sarayı özündə xalq yaşayış evlərinin cizcilərini əks etdirməklə yanaşı Qafqazda XVIII əsr memarlığının ən gözəl nümunəsi,İslam Şərqinin memarlıq incisidir.
      24 oktyabr 2001-ci ildən şəhərin tarixi hissəsi ilə birlikdə saray UNESCO-nun Mədəni irs siyahısına daxil edilməyə namizəddir.
      1826-cı ildə Şəkidə olmuş N.N.Rayevski yazırdı: “Orada bu diyarın keçmiş xanlarının sarayı var,hansı ki, çox gözəldir və Baxçasaray sarayı ondan daha az təəsürat yaradır.”
      Tanınmış türk şairi N.Hikmət isə saray haqqındakı təəsüratını belə ifadə etmişdir: “Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı belə Şəki xan sarayını dünyaya göstərmək bəs edərdi.”
       1859-cu ildə Şəkidə olmuş məhşur Fransız yazıçısı Aleksandr Düma (ata) isə belə qeyd etmişdir:”Xudaya,sən özün bu gözəl tarixi abidəni yadellilərdən qoru.”
       Saray iki mərtəbəlidir, uzunluğu 31,7 metr,eni 8,5 metr,hündürlüyü 10 metrdir.Hər mərtəbənin hündürlüyü 3,35 metrdir.Istər fasadı,istərsə də sarayın planının kompozisiya həlli də simmetrikdir.Hər iki mərtəbənin planı eynidir,mərkəzi otaqları-zalları yan otaqlardan dəhlizlər ayırır.Mərtəbələr arasında birbaşa daxili əlaqə olmamışdır.İkinci mərtəbəyə yan otaqların arxasında yerləşən pillələrlə qalxırdılar.İlk baxışdan belə yöndəmsiz görünən pilləkənlər tikintinin yay sarayı  olması ilə aydınlaşdırılır.Pilləkənlərin belə hündür olmasını bəzən o zamankı insanların uca boylu olması ilə izah edirlər.Memarlar isə belə hesab edirlər ki,sarayın ölçüləri nisbətində ancaq dik və hündür pillələr tikmək mümkündür.Əks halda pilləkanların uzunluğu saraydan çox uzun olardı.Mərtəbələr arasında əlaqənin olmaması sarayı iki hissəyə-rəsmi və şəxsi xüsusi hissəyə ayırır.Sarayın rəsmi hissəsinin başqa hissələrdən təcrid edilməsi Şərq feodal mühiti üçün adi haldır və bu hala hətta yaşayış evlərində də təsadüf edilir.Beləliklə yad adamlar şəxsi hissəyə daxil ola bilmirdilər.
        Sarayın 6 otağı,4 dəhlizi və iki eyvanı var.Sarayın divarları gil və əhəng qarışığından hazırlanmış 40-60 sm. eni,20 sm. dərinliyi olan  bünövrə üzərində dayanır.Divarlar 23,5 x 23,5 x 4 sm ölçüsündə olan bişmiş kərpiclə hörülüb.Divarların hörülməsində birləşdirici-yapışdırıcı məhlul kimi yumurtanın ağı ilə qatışdırılmış əhəng və gəc məhlulundan istifadə edilmişdir.Binanın xarici divarlarını atmosfer sularından qorumaq məqsədilə,imarətin karnizləri əlvan rənglərlə və dağlama ornamentlərilə bəzədilmişdir.Baş fasadın divarları demək olar ki,bütövlüklə şəbəkə tipli pəncərələrlə əvəz olunmuşdur.Fasadın polixram rəngli qabarıq ornamentli naxışları və binanın daxilində çəkilmiş süjetli divar rəsmləri  , digər incə memarlıq hissələri ilə ayrılmaz surətdə həll edilərək,imarətə zəriflik və gözəllik verir.Əlvan şüşəli şəbəkələr binada işıqlanmanın dəyişməsində dinamiklik əmələ gətirərək, onun cazibədarlığını artırır.İmarətin əsas fasadı cənub tərəfə baxır və kompozisiyası üç əsas elementin uzlaşması ilə xarakterizə edilir-divarın ornamentliliyi,naxışlı şəbəkə və piştağların genişliyi.Ona görə binanın cənub tərəfi daha gözəl görünüşə malikdir.Mürəkkəb stalaktidli portallar iki yarusla həll olunmuş,ikinci yaruslarda kiçik eyvanlar təşkil edilmişdir.Tavanları gümüş tərkibli güzgülərlə stalaktidlərdən təşkil olunmuş eyvanlar da qadınlar və kişilər üçün ayrı-ayrıdır.
            Mərkəzdə yerləşən şəbəkələr az sahə tutmalarına baxmayaraq şimal fasadına xüsusi cazibədarlıq verir.Fasadın künclərinin üstünü örtən tavan artırmaları onda dinamiklik yaradır.
            İkinci mərtəbədə yerləşən şəbəkəli pəncərələr və bir-birinin üstündə yerləşən şəbəkə qapılar şərq fasadına daha da təntənəli görünüş verir.Xanın qonaqları bu fasadda olan qapıdan ikinci mərtəbəyə qalxırdılar.Üst qapı sarayın damına çıxmaq üçün düzəldilmişdir.Sadə görünüşə malik olan qərb  fasadından xanın ailəsinə xidmət edən qapı verilmışdir.
       
 Şəbəkə___ Şəbəkəçilik ağacişləmə sənətinin bədii sahələrindən,böyük məharət tələb edən  növlərindən biri olub  kiçik ölçülü taxta və şüşə parçalarının bir-birisinə geyindirilməsi üsulu ilə hazırlanır.Şəbəkələrin hər bir kvadrat metri orta hesabla 5000 taxta və rəngli şüşə parçasından yığılır.Mürəkkəb hissələrdə detalların sayı 14000-ə çatır. Abidədə işlədilən şəbəkələr çinar və cökə ağaclarından yığılmışdır.Digər konstruktiv elementlər fıstıq,qoz,palıd ağaclarındandır. Azərbaycanda şəbəkə sənətinin gözəl nümunələrinə  Şəki Xan sarayı ilə yanaşı, Şəkixanovların evi , İrəvanda Hüseynqulu xanın sarayı(XVII əsr) və Şuşada Kərim Mehmandarovun yaşayış evində (XIX əsr) rast gəlinir.
        XVI—XVII əsrdən dövrümüzə qədər şəbəkəçilik sənətinin 2 nümunəsi də gəlib bizə çatmışdır. Bunlardan biri Qusar rayonunun Həzrə kəndindəki Şeyx Güneyd türbəsindəki sənduqə, o birisi isə Gəncədə Cümə məscidinin minbəridir.                     




        Xanlıq dönəmi Şəkisində Teymur Nəbioğlu kimi ad-san qazanmış şəbəkə ustası yaşayıb yaradıb.Şəki xan sarayının bərpasında işləmiş Əşrəf Yaqub oğlu Rəsulov Azərbaycanın Əməkdar rəssamı fəxri adına layiq görülmüşdür.Hazırda şəhərimizdə bu sənətin layiqli  davamçıları olan Tofiq Rəsulov,Hüseyn Hacımustafazadə,Soltan Ismayılov kimi şəbəkə ustaları fəaliyyət göstərirlər.Onlar həm də Xan sarayının sonuncu bərpasında iştirak etmiş ustalardandır.
               XVIII əsrin şəkili şəbəkə ustaları naxış motivlərini xeyli mürəkkəbləşdirərək    
,,şəmsi,, deyilən kompozisiya növünü yaratmışlar.Son dövürlərə qədər hətta ən mahir şəbəkə ustaları belə şəbəkə üsulu ilə yalnızca müstəvi şəkilli fiqurlar,qapı və pəncərələr hazırlayırdılar.Ancaq 2009-cu ildə istedadlı şəbəkə ustamız olan Hüseyn Hacımustafazadə yenilik edərək yumru,top formalı “kəhkəşan”adlı qeyri-adi bir şəbəkə növü yaratdı.Bu da şəkili sənətkarların öz dədə-baba sənətlərini nəyinki yaşatdığı,hətta gündən-günə inkişaf etdirdiyinə sübutdur.
        Şəki xan sarayı Azərbaycan memarlığına xas bütün sənətkarlıq və boyakarlıq növlərini özündə birləşdirib.Bu sarayda yalnızca şəbəkə deyil,eyni zamanda daş,ağac,gəc üzərində oymalar,dağlama,yandırma,həndəsi və nəbati rəssamlıq,minyatür rəssamlığı və dekorativ tətbiqi sənət geniş yer tutur.
         Saray naxışları əsasən dörd qrupa bölünür-həndəsi,nəbati naxışlar,süjetli kompozisiyalar və zoomorf(qus) təsvirləri.Naxışlar vurulduğu səthdən asılı olaraq,müxtəlif kompozisiyalarda işlənmişdir.Sarayın əsas dekorativ səthi taxça və aralıqları dolduran pannodur.Bunlar əsasən bitki motivlərindən yığılmış və hərdən quş təsvirləri əlavə olunmuş bəzəklərdir.Ümumilikdə sarayın naxışları koloritinin zənginliyi,qızılı rəngin geniş tətbiqi ilə xarakterizə edilir.Rənglərin seçilməsi yerli tonların tətbiqinə əsaslanır.O dövrün bütün divar naxışları kimi,bunlar da tempera ilə  gəc üzərində işlənmişdir.Ikinci mərtəbənin salonunun divarlarındakı naxışlar vurulduğu səthlərdən asılı olaraq , müxtəlif kompozisiyalarda göstərilimişdir.Əsas kompozisiyalar taxça və pannolarda əks etdirilmişdir.Salonun taxçalarında və ikinci yaruslarında ov və döyüş səhnələrindən ibarət kompozisiyalar işlənmişdir.Ov səhnələrində rəssam Azərbaycan təbiətində olan quşları , heyvanları təsvir etməklə yanaşı , həm də mifik təsvirlərə  yer ayırmışdır.Burada əjdaha , təkbuynuz kimi əfsanəvi varlıqların da təsvirləri var.Bütün bunlar rəssamın dünyagörüşünün və təxəyyülünün rənglər vasitəsilə inikasıdır.
     





          Məlum olduğu kimi saray XVIII əsrdə inşa olunub.Çikaqo universitetinin professoru Odri Altştad sarayı XVII-XVIII əsrlərlə bağlayır.Şandor Rado qeyd edir ki, saray 1760-cı ildə Hüseyn xan tərəfindən ucaldılıb.Rəssamlıq ensiklopediyası sarayı 1761-1762-ci illərə aid edir.Azərbaycan Sovet ensiklopediyası da sarayı XVIII əsrin 60-cı illərinə aid edir və göstərir ki,Hüseyn xan Müştaq tərəfindən tikdirilib.Ümumiyyətlə sarayı müstəqil Şəki xanlığının əsasını qoymuş Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştaqın 1762-ci ildə tikdirildiyi təsdiqlənir.(Elə bu səbəbdəndir ki, 4 iyul 2012-ci il tarixdə sarayın 250 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.)Hüseyn xan Müştaq zamanında tikilmiş saray xalq arasında Müştaq imarəti adlanır.
       Müştaq (ərəbcədən tərcümədə –şövqlü,həvəsli,arzulu) təxəllüsü ilə şeirlər yazan Hüseyn xan müstəqil Şəki xanlığının əsasını qoyan Hacı Çələbinin ən böyük nəvəsi (Həsən Ağanın oğlu) idi,babasının vəsiyyəti əsasında 20 yaşında hakimiyyətə gəlib,22 il Şəki xanlığını idarə etmişdir (1758-1780).Hətta babası Hacı Çələbi xandan da çox hakimiyyətdə olan Hüseyn xan döyüşlərdən fürsət tapan kimi,həm şəhərdə,həm də Şəki xanlığına daxil mahallarda da gözə çarpan quruculuq işləri görmüşdür.
          Hüseyn xan Müştaq haqqında qalan çox cüzi tarixi sənədlərdə intiqam həvəslisi,cəsur sərkərdə,təmkinli diplomat,gənc və yorulub- usanmaz dövlət adamı kimi səciyyələndirilir,şair kimi o qədər də yox.Şair Hüseyn xan Müştaqın ən böyük əsəri şair xəyalı və sözlə deyil,memar xəyalı,bənna əlləri və rəssam fırçası ilə yazılıb.Və bu əsərin adı Xan sarayıdır!..Bəlkə də Hüseyn xan hətta gözəl şair olsaydı belə,Xan sarayından gözəl sənət abidəsi yarada bilməzdi.
             Azərbaycan tarixində,A.Bakıxanovun dili ilə desək,hünərli,şücaətli,amma təbiətən rəhmsiz bir adam kimi tanınan Hüseyn xan hakimiyyətə çox da rahat gəlməyib.1758-ci ildə Şəki xanlığının zəifləməsini və onun tərkibindəki Ərəş sultanlığının müstəqilliyə can atmasını görən Qazıqumux hökmdarı Məhəmməd doğmaca qızının əri olan Ağakişi xanı (Hüseyn xanın əmisini) xaincəsinə öldürtdürüb Şəkidə hakimiyyəti ələ keçirtdi.Qazıqumux hökmdarının ədalətsiz  idarəçiliyi Şəkidə üsyana səbəb oldu.Şəki bəylərinin köməyi ilə Şamaxıya qaçmış Hüseyn xan Qarabağ xanı Pənahəli xanın da dəstəyi ilə Qazıqumuxlu Məhəmməd xanın 40 günlük hakimiyyətinə son qoydu və taxta oturdu.
               Az sonra özünü müstəqil hesab edən Ərəş sultanı Məlik Əli Şəki xanlığını da ələ keçirmək istəyirdi.Urmiyalı Fətəli xan Əfşar İranda hakimiyyətə gələndən sonra Azərbaycana hücum edib Qarabağı tutur.Məlik Əli onun düşərgəsinə gedib ona tabe olduğunu bildirir və Şəkini ona verməsini istəyir.Kərim ağa Fatehin yazdığına görə hədiyyələrlə Fətəli xan Əfşarın görüşünə gedən Hüseyn xanın Şəki vilayətinin  əsl bəyzadəsi olduğunu bilən Fətəli onun Şəki xanı qalmasına razılıq verir.Hüseyn xan həm Şəki xanlığının torpaqlarını qorumaq,həm də genişləndirmək üçün əlindən gələni əsirgəməyib.Fətəli xan Əfşarla münasibətləri ona öz hakimiyyətini qorumağa,Qubalı Fətəli xanla əməkdaşlığı isə Şamaxı torpaqlarının önəmli hissəsini Şəki xanlığına qatmağa imkan vermişdi.
                1774-cü il Gavduşan döyüşündə Hüseyn xan da gündən-günə güclənən qubalı Fətəli xana qarşı vuruşmuşdu.
                Hüseyn xan Xan sarayını 1762-ci ildə xanlığının ilk illərində,iki il aramsız sürən savaş və çəkişmələrdən sonra tikib.Onun bu təşəbbüsü də bir dövlət adamının incə diplomatik gedişi idi-çünki bir tərəfdən göz qabağında Şəkini abadlaşdırır,o biri tərəfdənsə sanki düşmənlərinə eşitdirirdi ki,bax,mən-Şəki xanı,heç kimin torpağına göz dikməmişəm və heç bir döyüşə,heç bir savaşa hazırlaşmıram.
                Hüseyn xan Müştaqın ən gözəl şeiri Xan sarayı olduğu kimi,hökmdar Hüseyn xanın ən böyük qələbəsi də elə həmin yay imarəti oldu...
               1780-ci ildə Hüseyn xan əmisi Əbdülqadir,Hacı Çələbinin əmisi oğlu Hacı Rəsul bəy və Şəki əyanlarından ibarət bir qrupun sui qəsdi nəticəsində təxəllüsünə uyğun olaraq elə arzulu və həsrətli gözləri ilə dünyasını dəyişdi...
          Şəki xanlığı Rusiya imperiyasına birləşdirildikdən sonra 1848-1851-ci illərdə Hüseyn xan Müştaqın nəvəsi şair Kərim ağa Fateh sarayı bərpa etdirib.25 aprel 1921-ci ildə Azərbaycan Bərpa komitəsi Nuxa və Şuşadakı Xan saraylarının bərpasına 25 milyon rubl pul ayırır.13 mart 1939-cu ilde Ümumittifaq Memarlıq Akademiyası komissiyasının iclasında memar P.Baranovski tərəfindən Şəki Xan sarayının bərpasına dair hesabat təqdim olunmuşdur.1955-1965-ci illərdə memar N.Q.Rzayevin layihəsi və rəhbərliyi ilə sarayda əsaslı bərpa aparılıb,rəssamlardan F.Hacıyev,şəbəkəçi Ə.Rəsulov bərpada iştirak edib.XIX əsrin sonu XX əsrin əvvəllərində saray yenidən bərpa olunub.1895-1896 –cı illərdə Şamaxılı nəqqaş Mirzə Cəfər birinci,1902-ci ildə Şuşalı usta Qəmbər,qardaşı Səfər,oğlu Şükrü,Şamaxılı rəssam Əli Qulu və Qurban Qulu ikinci mərtəbəni bərpa etmişdir. Sarayın sonuncu bərpası Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Asossasiyasının arasında bağlanmış kredit sazışı əsasında "Mədəni İrsin Qorunması " layihəsi  çərçivəsində Dünya Bankı tərəfindən ayrılmış vəsait hesabına  2002-ci ilin sentyabr ayından 2004-cü ilin noyabr ayına kimi "Denkmalpfleqe Mecklenburq" şirkəti ilə Şəki sənətkarları birlikdə aparılmışdır.
             Sarayın memarı ikinci mərtəbənin zalının tavanında naxış içərisində adı iki dəfə-sağdan-sola və soldan-sağa qeyd olunmuş Ustad Abbasqulu hesab olunur.Onu da qeyd edək ki,elə sarayın ən qədim rəsimləri də bu otaqda Ustad Abbasqulu tərəfindən işlənmiş rəsmlərdir.Həm də Abbasqulunun ,,usta,, yox ,,ustad,, adlandırılması onun sarayın memarı olması ehtimalını daha da gücləndiri
            
             İkinci mərtəbənin mərkəzi zalından başqa bütün otaqlarda buxarılar var.Birinci mərtəbədəki buxarılar sadədir,ikinci mərtəbədəki buxarıların isə üstü nəbati rəsmlərlə bəzədilib.Saray yay binası olduğundan buxarılarda odun yandırılmayıb,elə bu səbəbdən də onlar kiçik ölçülüdülər.Ola bilsin ki,buxarılarda qara çıraqlar yandırılıb,otaqlar işıqlandırılıb.Bəlkə də manqallar qoyulub,onların içərisindəki köz otağa hərarət verib.
                  Sarayın özunəməxsus gözəlliyi hər zaman səyahətçilərdə dərin təəsürat buraxıb.A.Düma(1859),Aleksandr Korniloviç,Andrey Fadaev,Arnold Zisserman saray haqqında yazıb,L.Tolstoy,N.Rayevski(1826),İlya Berezin,Eliza Reklyu və başqaları onu yada salıb.
            Saray əsas etibarı ilə inzibati bina olduğundan buradakı otaqlar da iş otaqları kimi təqdim olunur.Birinci mərtəbəsində məmurların gözləmə otağı,dəftərxana və divan otaqları var.Hər iki yan otaq sadə üslubdadır.Mərkəzdəki divan otağı öz zəngin dekorasiyası ilə digər iki otaqdan tamamilə fərqlənir.Bu otağın hər iki küncündə kiçik otaqlar yerləşir.Bəzi mənbələrdə həmin otaqlar ibadət hücrələri kimi təqdim olunsa da , digər mənbələr onların yük yeri olduğunu göstərir.Belə ki, keçmişdə insanlar yerdə döşəkçə üzərində əyləşib yastıq , mütəkkələrdən istifadə etdiyindən , bu otaqlardan yük yeri kimi istifadə olunduğu da güman edilir.
            Kiçik otaqların arasında balaca bir hovuz yerləşir.Hovuz altı guşəli ulduz formasındadır.Dağdan saxsı borular vasitəsilə təzyiqlə gələn su hovuzun içərisində təbii surətdə fəvvarə yaradar  və bu otağa sərinlik , təravət gətirərmiş.Eyni zamanda dünya sarayları,əsasən də Osmanlı sarayları ilə muqayisə etsək görərik ki,divan otağında hovuzun olması başqa bir əhəmiyyət də kəsb edir.Belə ki,hovuzun yanında əyləşən xan öz vəzir-vəkili ilə məsləhət-məşvərət etdikdə fəvvarənin şırıltısından ətrafdakılar onların nədən danışdığını duya bilmirdilər.Hovuzun üstündəki güzgülü tavan işıqlanmanı artırmaq məqsədi daşıyır.
          Divan otağının hər iki qapısının başında bərpaçı nəqqaş şamaxılı usta Cəfərin adı qeyd olunub.Bütün otaqların qapılarının kandarında taxta arakəsmələr qoyulub.Belə izah olunur ki,o zamanlar insanlar yerdə oturduğundan bu arakəsmələr qoyulub ki,onlara soyuq dəyməsin,axı soyuq hava kütləsi həmişə aşağıda olur.Bəzən qeyd edirlər ki,bu arakəsmələr və alçaq qapılar içəriyə daxil olan adamın məcburən baş əyməsinə səbəb olur.Bununla da içəri girən kəs hörmət əlaməti olaraq otaqda olanlara təzim edib,onları salamlayır.
         



              Divan otağının tavanı öz orijinallığı ilə diqqəti cəlb edir.Bu tavan 5524 ədəd kiçik ölçülü taxta parçasının həndəsi fiqurlar formasında biri-birisinə geyindirilməsi ilə şəbəkə üslubunda hazırlanıb,250-ildən çoxdur ki,öz gözəlliyi ilə göz oxşayır.Tavanın mərkəzində güzgülü hissə yerləşir ki,vaxtilə həmin hissədən zəngirlər vasitəsilə qəndillər asılar otaq işıqlandırılarmış.Bu salonun karnizində , stalaktidlərin üzərində  , kiçik üçbucaqların arasında iti gözlərdən uzaq yerlərdə müxtəlif minyatür rəsmlər –ev və meşə heyvanları , quşlar , ayrı-ayrı millətlərin nümayəndələri,ovçuluq,heyvandarlıq,idman,rəqs və sairlə məşğul olan insanarla yanaşı,mifaloji varlıq-şeytan belə  təsvir olunmuşdur.Bunların arasındakı rəqs edən qadın təsvirləri demək olar ki, sarayda əks olunan zərif cinsin yeganə numayəndələridir.
             Sarayın ikinci mərtəbəsinin bütün otaqları zəngin dekorativ elementlərə malikdir.Buradakı bütün otaqların döşəməsində tavanlardakı naxışları öz keşniləri ilə təkrarlayan ipək xalçalar var imiş.Ancaq çox əfsuslar ki,onlardan heç biri bizim dövrümüzə gəlib çatmayıb.(Sarayda qonaq olmuş Tarix İnstitunun müəllimlərindən biri saraya məxsus xalçalardan birini 1835-ci ildə Şəkinin qubernatoru olmuş Vstakov tərəfindən Ermitaj muzeyinə hədiyyə edildiyini qeyd edib,eyni zamanda bu məlumatın dəqiqliyinə də zəmanət verib.)
               İkinci mərtəbədə xanımın qəbul otağı,xanın qonaq otağı və iş otağı yerləşir.Xanımın otağı öz ornamentlərinin incəliyi,zərifliyi,qadın zövqünü oxşaması ilə seçilir.Qonaq otağı ikinci mərtəbənin mərkəzi zalında yerləşir.Burada da kiçik yük otaqları var,onların arasındakı çıxıntıda xanın taxtı yerləşirmiş.Bu otağın divarlarında haşiyə formasında ov və döyüş səhnələri əks olunub.Tavanda sarayın memarı hesab olunan Abbasqulunun imzası,onunla yanaşı  bərpaçı Qəmbərin adı (Əməli nəqqaş Qarabaği Qəmbər,1302(hicri)) qeyd olunub.Xanın iş otağı öz divar rəsmlərinin müxtəlif mənalar daşıması ilə fərqlənir.Bu otağın tavanında iki naxışın içərisində yazı var.Bunlardan biri fars dilində yazılmış şeirdir,mənası belədir:”Mən bunu yazdım yadigar,mən qalmaram bu qalacaq yadigar”.Digər yazıda isə aşağıdakı cümlə yazılıb:”İlahi sən Əlinin xatirinə Qurbanəlinin günahlarını bağışla.”Qurbanəli bildiyimiz kimi sarayın bərpaçılarından olub.
        Bu otaqda təsvir olunmuş rəsmlərin bəlkə də tamamilə başqa anlamları var,ancaq bizə bəlli olan açıqlamaları belədir:
         Nar –cənnət meyvələrindəndir.Hesab olunur ki,yeddi cənnət meyvəsi var-alma,heyva,nar, əncir,üzüm,zeytun və xurma.Bunlardan yalnız ikisi sarayda təsvir olunub-nar və üzüm.Çünki nar meyvələrin şahıdır,xanın,sultanın taci olduğu kimi narın da başında tac var.Nar şirinlik,bolluq,bərəkət,dövlətçilik rəmzidir.Narın içərisindəki dənələr xalqı əks etdirir.Onların arasındakı pərdələr kimi,xalq da ayrı-ayrı tayfalara,nəsillərə,təbəqələrə bölünür.Ancaq onlar yenə də bir meyvənin içərisindədirlər,bu dövlətdir və dövlət də nar kimi parçalandıqda artıq öz mövcudluğunu itirir,dağılır və məhv olur.Narın bir sirri daha var.Narın başındakı tacın uclarının sayı əgər tək saydadırsa içərisindəki dənələrin də sayı tək,cüt saydadırsa cüt olur.
           Üzüm isə nütfə şəklində olduğundan başlanğıc simvolu hesab olunur.
           Əjdaha-xanın şəxsi iş otağında təsvir olunmuş əjdahalar ağızlarında od-alov yerinə gül-çiçəklərlə təsvir olunublar.Əjdaha adətən hakimiyyəti,gücü təmsil edir.Burada əjdahaların ağzında gül-çiçək olması onu əks elətdirir ki,hökmdar güclü,qüvvətli,qüdrətli olduğu qədər də rəhmli və mərhəmətli olmalıdır.        
           Əjdaha və aslanın savaşı-burada təsvir olunmuş heyvanlardan biri real,digəri isə mifik olsa da hər ikisi güc rəmzidir.Bu o deməkdir ki,gecə ilə gündüz,xeyirlə şər,ağılla ürək hər zaman mübarizə edir.Atalar sözü olan ”iki qoçun başı bir qazanda qaynamaz” məsəli sanki bu rəsmi əks etdirir.
           Aslan keçini parçalayırbu təbiətin qanunudur.Güclü hər zaman zəif üzərində qalib gəlir.
         Canavarlar və keçilər birlikdə təsvir olunub-burada isə rəssam öz arzusunu təsvir edib.Sülh,əminamanlıq.Yəni hökmdar rəhimli olarsa rəiyyət də sülh içində yaşayar.
         Tovuzquşu-gözəllik rəmzidir.Ancaq nə qədər gözəl olsa da onun səsi çox pis ayaqları isə eybəcər olur.Bu o deməkdir ki,dünyada eyibsiz gözəl yoxdur,hər gözəlin bir eybi,bir qüsuru var.
         İki aslan pəncələri üstündə dayanıb bir tac saxlayır-birlik rəmzidir.Yəni hakimiyyət və rəiyyət hər zaman birlik olarsa dövlət də yüksələr.Necə deyərlər tək əldən səs çıxmaz,güc birlikdədir.
      Qadın başlı aslan başında tac,əlində qılınc-yəni “aslanın erkəyi dişisi olmaz”,yalnızca kişilər deyil,qadınlar da silah göturub vuruşmağı bacararlar.Həmin rəsimdə heyvanların şahı hesab olunan aslan balıq üzərində təsvir olunub,balıq isə sürüşkəndir.Yəni dünyada hər şey həyat,sağlamlıq,hakimiyyət,var-dövlət,gənclik,gözəllik elə balıq kimi bir andaca insanın əlindən sürüşüb çıxa bilir,hər şey müvəqqətidir,fanidir,dünya malı elə dünyada qalır.Aslanın quyruğu bədənindən bir parça olsa da sonunda əjdahaya çevrilib başının üzərində dayanır-bu onu izah edir ki,hər bir insanın düşməni onun öz yanında olur.Hətta birinci düşmən elə insanin öz içində daxilindədir. Bu insanın nəfsidir,tamahıdır. Alleqorik formada təsvir olunmuş bu aslanın qanadları onların üzərində isə günəşə bənzədilmiş qadın siması təsvir olunub. Bu hakimiyyətdə olan kişiyə məsləhətdir. Kişi qadının xarici gözəlliyinə deyil,daxili gözəlliyinə dəyər verməlidir. Necə deyərlər gözəl üzdən qırx gündə doyarsan, gözəl xasiyyətdən isə qırx il də doymaq olmaz. Qadın gözəl olduğu qədər ağıllı, sədaqətli, vəfalı da olmalıdır, əks halda onun ərini qurtuluşu olmayan fəlakət gözləyir. Atalar demişkən arvad var ərini vəzir eylər, arvad var ərini rəzil eylər. Elə ona görə də eyni rəsm digər tərəfdə tacsız və qanadsız təsvir olunub. Bir də unutmamaq lazımdır ki, tarixdə bir çox hökmdarlar məhz qadın xəyanəti ilə taxtan salınıb, hakimiyyətdən uzaqlaşdırılıb, əksər vaxtlarda isə öldürülüb.
          Bütün bu rəsmlər öz mənaları ilə hər zaman, hər kəsə həyat dərsi verə biləcək dəyərdədirlər. Bu rəsmlərdə şərq islam fəlsəfəsi öz əksini tapıb, ona görə də həmişə yaşayacaq və yaşadacaq.

         

         Sarayda təsvir olunmuş ov və döyüş səhnələri:

            Dəqiq ardıcıllıqla təsvir olunmadığından ilk baxışdan elə görünür ki , ov və döyüş səhnələrində heç bir sistem yoxdur , əslində isə salonun şimal hissəsinin qərb divarındakı friz üzərində təqdim edilmiş ov səhnələri 5 hadisəni əks etdirir:
            Birinci səhnə - xallı bəbir və ceyranın yaralanması,ikinci səhnə - maral ovu,üçüncü səhnə - əjdaha ilə döyüş,dördüncü səhnə - təkbuynuzun yaralanması,
beşinci səhnə - bir gənc tərəfindən rəhbərlik edilən atlılar dəstəsidir.Xəz yaxalıqlı , bahalı geyimli , qızılı sancaqlı , qara lələk qoyulmuş ipək  başörtüklü bu gəncin çox şöhrətli bir ailədən olduğu təsvir edilir.
            Ov səhnələrində 4-5 nəfər təsvir edilmişdir.Salonun şərq tərəfində təsvir edilmiş birinci səhnədə şimal tərəfdən yenə də iri və tünd rəngli qiymətli daş-qaşla bəzədilmiş əbalı bir gəncin başçılıq etdiyi atlı dəstəsi,ikinci səhnədə öz ovunu  nişana almış ovçu,üçüncü  səhnədə qara bəbirin ovlanması , dördüncü səhnədə vəhşi qabanın öldürülməsi , beşinci səhnədə ayı ilə döyüş , altıncı səhnədə isə maralın nizə ilə vurulması təsvir edilmişdir.Səhnələr arasındakı əlaqələr şərtidir.
            Döyüş səhnələri haqqında konkret bir araşdırılma aparılmasa da,sanballı bir elmi əsər və ya məqalə yazılmasa da öz mülahizələrimiz əsasında qeyd edə bilərik ki,burada konkret bir tarixi döyüş deyil,tariximizin müxtəlif mərhələləri əks olunub.
             Şərq tərəfdəki frizə baxdıqda  burada ilk olaraq əllərində 7 ədəd müxtəlif bayraq tutmuş iki dəstə təsvir olunub.Dəstələrdəki əsgərlər Azərbaycan milli geyiminde təsvir olunub,başlarında müxtəlif rəngli sarıq-papaqlar var.Əsasən odlu silahlarla silahlanmış dəstə üzvlərinin əllərində nizələr də var.Odlu silahlar xanlıq dövrü Şəkisinin öz istehsalı olan “dayandoldurum” adlanan silah növündəndir.Dəstələr arasında qaradərili əsgərlər də təsvir olunub.Ola bilsin ki,onlar muzdlu əsgərlərdir.Bayraqlar haqqında konkret bir söz demək mümkün deyil,çünki onlardan heç biri dövrümüzə qədər gəlib çatmiş Şəki xanlığı bayraqlarının oxşarı deyil.
               Dəstələrin önündə üç zadəgan tərəfindən müşayət olunan gənc hökmdar təsvir olunub. Onun əlində qızıl əsa, başında tac, əynində qiymətli libas var. Hökmdarın atı da digərlərindən öz gözəlliyi və rəngi ilə fərqlənir. Hökmdarın belə gənc təsvir olunması belə bir qənaətə gətirir ki, bu iyirmi yaşında xanlıq taxtına sahib çıxmış Hüseyn xan Müştaqdır. Xanın ayaqları altına beş ədəd kəsilmiş baş atılıb. Bu o dövrün döyüş qaydalarından idi. Hər bir döyüşçü öz şücaətini sübut etmek üçün düşmən başı gətirməli idi.
             Bu səhnədən sonra uzaqdakı düşmən qoşunlarını durbinlə  izləyən atlı və onun qarşısında əsir alınmış,əli-qolu bağlı bir zadəgan ətrafında döyüşçülər,daha sonra  isə bir dəstə zadəgan təsvir olunub.Zadəganların özləri atlı olsalar da onlardan üçünün yanında yüyənindən tutub apardıqları yəhərləri öz gözəlliyi ilə göz qamaşdıran,ipək örtüklü dəyərli atlar var.Belə hesab etmek olar ki,bu atlar ya düşmənlə döyüşdə qənimət kimi götürülüb,ya da hansısa sülh muqaviləsi bağlamaq üçün bəxşiş kimi aparılır.Qeyd etməliyik ki,yaxşı at döyüşçünün ən yaxın yoldaşı və silahdaşı,ən qiymətli bəxşiş və qənimət hesab olunurdu.
              Daha sonra əllərində nizəyə keçirilmiş başlar tutan iki döyüşçü təsvir olunub.Bütün bunlar insanın tükünü ürpərdir.Döyüşə,müharibəyə nifrət yaradır.
              Növbəti səhnədəki dəstənin iki bayrağı var,onların geyimi monqolları xatırladır,əsasən ox və yaylarla silahlanıblar,başlarında monqol papaqlarına oxşar papaqlar var.Bu dəstə haqqında iki fikir söyləmək olar.Birincisi ola bilsin ki,burada XIII əsrdə Azərbaycana yürüş etmiş monqollar əks olunub.İkincisi unutmaq olmaz ki,Şəki xanlarının nəsilləri özü də monqol əsilli türkləşmiş orlat soyundan olub.Həm də ki,yaxınlıqda Car-Balakən sultanlığında avarlar yaşayırdı ki,onlar ox-yay işlətməkdə çox mahir idilər və hər zaman Şəki xanlığına köməyə gəlirdilər.
              Digər dəstə başları papaqlı,milli geyimli,daha iki fərqli bayrağı olan döyüşçülərdən ibarətdir.Onların qarşısında dayanan dəstə zirehli geyimdədir,başlarında dəbilqələr var,bir bayraq tutublar.
             Şərq tərəfdəki friz qurtardıqdan sonra,digər divarda artıq dəhşətli döyüş başlayır.İlk öncə əsgərləri vuruşa ruhlandıran döyüş marşı çalınır.Bu səhnədə Şəkiyə məxsus musiqi alətləri kos nağara və zurna təsvir olunub.Daha sonra sərkərdə toplardan atəş açılmasını əmr edir və döyüş başlayır.Qanlı döyüş səhnəsində kəsilmiş başlar,başsız bədənlər,yaralı insanlar bir-birini əvəz edir.Bu səhnədə müxtəlif geyimlərdə olan döyüşçülər,eyni zamanda rus kazakları da təsvir olunub.Axı onlar da vaxtaşırı Azərbaycana qarətçi yürüşlər edirdilər.
               Qərb divarındakı frizdə təsvir olunmuş döyüş səhnəsi iki bayrağı olan böyük bir silahlı dəstənin təsviri ilə başlayır.Onlar əsasən səfəvilərə məxsus geyimdədirlər.Dəstənin qarşısında orta yaşlı başında əmmamə,əlində qızıl əsa olan hökmdar dayanıb,onun ayaqları altında da dörd kəsilmiş baş var.
               Burada da durbinlə təsvir olunmuş kəşfiyyatçı,yenə də üç boş atla bərabər təsvir olunmuş atlı zadəgan dəstəsi var.
               Ayrıca üç silahlı dəstə də təsvir olunub,onların beş ayr- ayrı bayrağı var.Onu da qeyd edək ki,bu frizdəki bütün döyüşçülərin geyimi eynidir.
                Bu friz qurtardıqdan sonra yenə də döyüş marşı,toplardan atəş açılmasını əmr edən sərkərdə təsvir olunub. Bununla da döyüş başlayır.Bir dəstə osmanlı geyimində təsvir olunub.Çünki vaxtaşırı səfəvilərlə osmanlılar arasında toqquşmalar baş verirdi.Döyüş səhnəsində yenə də qarışıq geyimli əsgərlər var,arada üç bayraq təsvir olunub.
                    Bu döyüş səhnələrinə baxdıqda bəzən insanda belə bir hiss yaranır ki, rəssam belə dəhşətli,qorxulu səhnələri özü qəsdən qonaq otağının gözəllikləri,güllü-çiçəkli təsvirləri arasında yerləşdirib ki,bütün bunları görən hər kəs sülh və müharibə arasındakı fərqi hiss etsin.Sülhün yaratdığı gözəlliklərlə müharibənin yaratdığı dəhşətləri müqayisə etsin və nəticə çıxarsın.
                 



              Buta___ (butə, puta) – qönçə; badamabənzər naxış növüdür. Azərbaycan ornament sənətinin ən çox yayılmış bəzək elementlərindən biri olan buta Şəki xan sarayında da geniş yer tutur.Butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğu ehtimal edilir. Bakı, Gəncə, Ərdəbil, Təbriz, Naxçıvan, Salyan, Muğan xalçalarında, binaların daxili bəzəkləri və digər sənət nümunələrində butadan geniş istifadə edilmişdir. Buta Orta Asiya və Yaxın Şərq ölkələrinin də (Hindistanın tirmə şallarında, İranın parça və metal məmulatlarında və s.) dekorativ və tətbiqi sənətində geniş yayılmışdır.
            Butalar forma etibarı ilə 4 qrupa bölünür:
1.Xalça bəzəyində işlədilən butalar ("Muğan-buta", "Salyan-buta", "Xilə-buta", "Bakı-buta", "Sarabi-buta", "Gəncə-buta", "Şirvan-buta");
2.Ailə həyatını təmsil edən butalar ("bala-buta", "həmli-buta", "balalı-buta", "evli-buta", "qoşaarvadlı-buta" və s.);
3.Rəmzi mahiyyət daşıyan butalar ("cıqqa-buta", "lələk-buta", "küsülü-buta", "qovuşan-buta", "yazılı-buta" və s.);
4.Bu qrupa müxtəlif formalı butalar daxildir: "saya-buta", "əyri-buta", "dilikli-buta", "qıvrım-buta", "şabalıd-buta", "zərxara-buta", "badamı-buta", "qotazlı-buta", "çiçəkli-buta", "yanar-buta" və s. Rəmzi məna daşıyan butalar zaman keçdikcə tədricən müxtəlif məzmunlu və formalı motivlərlə zənginləşmişdir.
           Şəki xanlarının sarayında butanın yuxarıda qeyd olunmuş bütün növlərinə rast gəlmək mümkündür.
           Azərbaycan dilinin izahlı lüğətində (Bakı, 1966 səh. 331) buta sözünün aşağıdakı mənaları verilmişdir:
I.Buta –1.Qonçə, 2.Parçaların üzərində badamabənzər xırda naxış, xırda gril şəkli.
II.Buta – (fars – butə) içində qızıl, gümüş əritmək üçün odadavamlı materialdan (gildən) hazırlanmış qab.
         Buta sadəcə təsviri incəsənətimizin yoxda, eyni zamanda folklorumuzun, şifahi xalq ədəbiyyatımızın əhəmiyyətli ünsürlərindəndir.
       "Fоlklоrda buta ulu əcdadlarımızın kоsmоqоnik düşüncəsinin daşıyıcısı missiyasını yеrinə yеtirir. Qədim insanların düşüncəsində su, bitki, dağ və digər varlıqlar müqəddəs hеsab еdilmiş, həyatın ilkin başlanğıcı sayılmışdır. Bu baxımdan buta nəslin davamı, artımın simvоludur. Buta Azərbaycan dastanlarında aşiq və məşuq arasında xəyali kоntakt rоlunu оynayır. О, məhəbbət dastanlarında görünməmiş bir еşqin, üstün, ilahi bir məhəbbətin nümunəsi оlaraq sеçilmiş qəhrəmana-aşiqə aşıqlıq, şairlik istеdadı da bəxş еdir.
         Azərbaycan məhəbbət dastanlarının strukturu, təməli də buta üzərində qurulur. Bu əsas üzərində cərəyan еdən hadisələrin mürəkkəb inkişafı və məqsədi sоnda aydınlaşır. Butadan başlanan aşiqliyin yоlu məşəqqət və əzablardan kеçir.
        Butanın əsasən aşağıdakı mənaları kəsb etdiyi qeyd olunur:
Buta başlanğıc rəmzidir___ ana bətnindəki embrion eynilə buta formasında olur.Miladdan əvvəl III minillikdə insanlar “buta” formasında dəfn olunurdular,çünki inanırdılar ki,ölüm yeni bir həyatın başlanğıcıdır.
Buta ipək simvoludur___Azərbaycan ipək yolu üstündə yerləşir,Şəki Azərbaycanın ipəkçilik mərkəzlerindən biridir,bütün ipək istehsal edən ölkələrdə buta və butaya bənzər naxışlar var.Hətta barama içərisindəki ipəkqurdu da buta formasında olur.Ipəkqurdunun özünün də üzərində buta qara rəngli butalar olur.
Butanı Azərbaycanda Eldar şamının simvolu kimi də qeyd edirlər.Çünki Azərbaycandan başqa dünyanın heç bir yerində bitməyən Eldar şamı da eynilə buta formasında olur.
         Süsən- təsvirləri də sarayda buta qədər geniş yer tutur.Süsən ola bilsin ki,xanlığın simvolu olub.Çünki,xanlıq dövrü abidələrinin demək olar ki,hamısında-xan sarayında,Şəkixanovların evində,bir çox şəxsi mülklərdə və xan qəbristanlığında olan baş daşılarının üzərində süsən təsvirləri var.O dövrlərdə süsənin köklərindən yapışqan hazırlanır,süsən çiçəklərindən boyaq alınır,təbabətdə süsəndən istifadə olunurdu.Təbabətdən söz açılmışkən qeyd edək ki,Hüseyn xan özü də bu sahədə xüsusi bilik və bacarıqlara malik idi.Hətta onun tərtib etdiyi təbabət reseptlərindən  ikisi Şərq təbabəti kitablarında da yer alıb.
          Həndəsi ornamentlər:
        Səkkizguşəli ulduz-dünya və axirətin birlikdə səkkiz tərəfini əks etdirir.Əsasən onu cəmiyyətdə cənnətin səkkiz qapısını göstərən işarə hesab edirlər.Bəzən onu qədim türk kökləri ilə bağlayırlar, indi də bütün türkdilli ölkələrin rəmzlərindən birincisidir.Türklər qədimdə  köçəri həyat yaşadıqlarından tez-tez yerlərini dəyişir və əsasən də gecələr yol gedirdilər.Bu zaman onlara yol göstərən, bələdçilik edən Sirius ulduzu idi.Sirius ulduzu Yerə daha yaxın olduğundan gecələr göy üzündə  ən parlaq ulduzdur.Onun saçdığı işıq da səkkiz bucaqlı görünür.Çünki,Sirius ulduzu əslində bir yox,iki dənədir.Bunu alimlər yalnız XIX əsrdə öyrənsələr də Quranda Sirius ulduzunun iki ədəd olması “Nəcm” surəsinin 49-cu ayəsində qeyd olunur.Bir sözlə demək olar ki,səkkizguşəli ulduz həm dinimiz islamın,həm də kökümüz türklüyün simvoludur.
           Sarayda yalnız səkkizguşəli deyil,beş,altı,on iki guşəli ulduzlar da təsvir olunub ki,onların da hərəsinin öz mənası var.
          Dördguşəli ulduz-bu ulduz dörd ünsürü-su,od,torpaq və havanı əks etdirir.
              Beşguşəli ulduz-bu ulduzla bağlı qədim Şumerin Uruk şəhərində tapılmış ilk təsvirləri arxeoloqlar miladdan 3500 il əvvələ aid edirlər.Hələ lap qədim zamanlarda insanlar onu hər cür bəladan qoruyan işarə hesab edirdilər.Qədim Babilistanda bu inam o qədər güclənmişdi ki,hətta dükan və anbarların divarlarında beşguşəli ulduz çəkirdilər ki, mallarını oğurluq və korlanmaqdan qorusun.Hökmdarlar öz möhürlərində beşguşəli ulduz təsvir etdirirdilər.Qədim Babilistanda bu işarə hökmdarın dünyanın dörd bir yanına yayılmış qüdrətini əks etdirirdi.Hətta Makedoniyalı İsgəndərin və Roma imperatoru I Konstantinin də möhüründə beşguşəli ulduz təsviri var idi.
           Altıguşəli ulduz-iki üst-üstə qoyulmuş bərabərtərəfli üçbucaqlardır.Bəzən altıbucaqlı ulduz iudizmlə bağlanır.Əslində isə ona bir çox müxtəlif aspektlərdən-tarixi,dini və mədəni aspektdən baxmaq lazımdır.Tantrizmdə altıbucaqlı ulduz iki dünyanın harmoniyasını əks etdirir.İti bucağı yuxarı olan üçbucaq materiyanı,aşağı olan isə ruhu əks etdirir.Üst-üstə qoyulmuş bu üçbucaqların həm də qadın və kişi başlanğıcını əks etdirdiyi  hesab olunur.İti bucağı yuxarı olan üçbucaq kişi,aşağı olan isə qadın başlanğıcını göstərir.                         Onikiguşəli ulduz-                    bu ulduz əsasən islam dininin on iki imamı ilə bağlanılır.



Şəkixanovlar Evi


Təsvir olunan yaşayış evlərinin inkişaf etmiş forması Şəkixanovlar evidir - bu ev xalq yaşayış evindən saray tipli evlərə keçid formasıdır.

İrəli uzanmış, düzbucaqlı formada olan ikimərtəbəli bina Şəki xalq yaşayış evlərinin əlamətlərini saxlayaraq, əsasən interyerdəki zəngin dekorativ elementlər binanı saray tipli tikintilərə bənzədir. Bundan əvvəlki halda olduğu kimi, küçəyə çıxan divarlarda tamamilə boşluq yoxdur, planda və fasadda evin iş, yaşayış və qonaq hissələrinə bölündüyü aydın göstərilir. Evin hər bir mərtəbəsi üç otaqdan və iki böyük olmayan dəhlizdən ibarət olub, birinci mərtəbədən ikinci mərtəbəyə qalxan pillələr yerləşən otaqlarla birləşir. Birinci mərtəbədəki otaqlar qış yaşayış otaqları olduğu üçün burada "buxarılar" yerləşdirilmişdir. Birinci mərtəbəyə oxşar olan ikinci mərtəbə qonaqlar üçün nəzərdə tutulmuşdur.
Bina kəllə divarın biri ilə qonşu binaya söykənir, o biri divara isə çardağa qalxan pilləkən birləşir. Şəkiyə xas olan binanın yerləşdiyi sahə bir az irəli çıxır, arxa və yan tərəflərdən çaydaşı və kərpiclə hörülmüşdür, fasadın həyət tərəfindəki meydança çox səliqə ilə yonulmuş daşla və kərpiclə örtülmüşdür.
Evin əsas fasadı aydın, xoşagələn forması ilə fərqlənir. Fasadın mərkəzi oxu böyük vitraj - şəbəkə ilə işlənmişdir, buna nisbətən ritmik şəkildə xırda ölçülü şəbəkə yerləşir, aşağı mərtəbədə başqa ritmli pəncərə və qapı boşluqları çox səliqə və dəqiqliklə işlənmişdir.

Şəkixanovlar evinin fasadının aşağı hissəsinin sadə tikilişi aşağı mərtəbədəki yaşayış evlərinin bəzəyinə çox uyğun gəlir, burada ornament və naxış demək olar ki, yoxdur, hətta kaminbuxarı belə bəzənməmişdir.

İkinci mərtəbənin salonunun interyerində əsas yeri eninə yerləşən dekorativ buxarı təşkil edir. Buxarı gözəl şəkillərlə bəzənmiş və bütün interyer ona nisbətən simmetrik olaraq xalq yaşayış interyerinə uyğun olaraq işlənmişdir. Buxarının yanlarından divara dərin olmayan düzbucaqlı taxçalar yerləşdirilmişdir. Taxçalar Azərbaycanın dahi şairi Nizaminin "Yeddi gözəl", "Leyli və Məcnun" poemalarının qəhrəmanlarının şəkilləri ilə bəzənmiş və üstü çox mürəkkəb olmayan bəzəkli stalaktitlə örtülmüşdür. Kəllə divarlarda da bu cür iki taxça yerləşir və bunların arasında qonşu otaqlara və salona çıxan qapılar yerləşir. Üç divarın taxçaları və boşluqları üstündən rəf keçir ki, bu rəf də stalaktit karniz üzərində yerləşmişdir. Güzgü stalaktitinin mürəkkəb quruluşunu salonun yuxarısından keçən karniz təşkil edir. Rəflərin üstündə taxçaların oxu üzərində kiçik taxçalar yerlə-şir. Bu taxçalar vazalarda kül dəstələri, heyvan və quş şəkilləri ilə bəzənmişdir. Salonun xarici divardan başqa bütün qalan sahəsi isə rəsmli, ornamentli "şəbəkə" ilə işlənmişdir .

Plafon xüsusilə zəngin bəzənmişdir, ornamentli çərçivədə bit-ki aləmini ,əks etdirən şəkillər və bu fonda rəngli qanadları olan yarımçılpaq qadın fiqurları göstərilir.

Salonun belə zəngin və müxtəlif dekorasiya ilə bəzənməsi çox rəngli "şəbəkə" ilə tamamlanır və zalın fasad divarının bütün səthini tutur. Rəngli şüşələrdən düşən işıq divarlarda, döşəmədə və tavanda rənglər parlaqlığını yaradır.