
Dünya əhəmiyyətli tarix və memarlıq abidəsi
olan Şəki Xan sarayı özündə xalq yaşayış evlərinin cizcilərini əks etdirməklə
yanaşı Qafqazda XVIII əsr memarlığının ən gözəl nümunəsi,İslam Şərqinin memarlıq
incisidir.
24 oktyabr 2001-ci ildən şəhərin tarixi
hissəsi ilə birlikdə saray UNESCO-nun Mədəni irs siyahısına daxil edilməyə
namizəddir.
1826-cı ildə Şəkidə olmuş N.N.Rayevski
yazırdı: “Orada bu diyarın keçmiş xanlarının sarayı var,hansı ki, çox gözəldir
və Baxçasaray sarayı ondan daha az təəsürat yaradır.”
Tanınmış türk şairi N.Hikmət isə saray
haqqındakı təəsüratını belə ifadə etmişdir: “Əgər Azərbaycanın başqa qədim
tikililəri olmasaydı belə Şəki xan sarayını dünyaya göstərmək bəs edərdi.”
1859-cu ildə Şəkidə olmuş məhşur Fransız
yazıçısı Aleksandr Düma (ata) isə belə qeyd etmişdir:”Xudaya,sən özün bu gözəl
tarixi abidəni yadellilərdən qoru.”

Sarayın 6 otağı,4 dəhlizi və iki eyvanı
var.Sarayın divarları gil və əhəng qarışığından hazırlanmış 40-60 sm. eni,20
sm. dərinliyi olan bünövrə üzərində
dayanır.Divarlar 23,5 x 23,5 x 4 sm ölçüsündə olan bişmiş kərpiclə hörülüb.Divarların
hörülməsində birləşdirici-yapışdırıcı məhlul kimi yumurtanın ağı ilə qatışdırılmış
əhəng və gəc məhlulundan istifadə edilmişdir.Binanın xarici divarlarını atmosfer
sularından qorumaq məqsədilə,imarətin karnizləri əlvan rənglərlə və dağlama
ornamentlərilə bəzədilmişdir.Baş fasadın divarları demək olar ki,bütövlüklə
şəbəkə tipli pəncərələrlə əvəz olunmuşdur.Fasadın polixram rəngli qabarıq
ornamentli naxışları və binanın daxilində çəkilmiş süjetli divar rəsmləri , digər incə memarlıq hissələri ilə ayrılmaz
surətdə həll edilərək,imarətə zəriflik və gözəllik verir.Əlvan şüşəli şəbəkələr
binada işıqlanmanın dəyişməsində dinamiklik əmələ gətirərək, onun
cazibədarlığını artırır.İmarətin əsas fasadı cənub tərəfə baxır və
kompozisiyası üç əsas elementin uzlaşması ilə xarakterizə edilir-divarın
ornamentliliyi,naxışlı şəbəkə və piştağların genişliyi.Ona görə binanın cənub
tərəfi daha gözəl görünüşə malikdir.Mürəkkəb stalaktidli portallar iki yarusla
həll olunmuş,ikinci yaruslarda kiçik eyvanlar təşkil edilmişdir.Tavanları gümüş
tərkibli güzgülərlə stalaktidlərdən təşkil olunmuş eyvanlar da qadınlar və
kişilər üçün ayrı-ayrıdır.
Mərkəzdə yerləşən şəbəkələr az sahə
tutmalarına baxmayaraq şimal fasadına xüsusi cazibədarlıq verir.Fasadın
künclərinin üstünü örtən tavan artırmaları onda dinamiklik yaradır.
İkinci mərtəbədə yerləşən şəbəkəli
pəncərələr və bir-birinin üstündə yerləşən şəbəkə qapılar şərq fasadına daha da
təntənəli görünüş verir.Xanın qonaqları bu fasadda olan qapıdan ikinci
mərtəbəyə qalxırdılar.Üst qapı sarayın damına çıxmaq üçün düzəldilmişdir.Sadə
görünüşə malik olan qərb fasadından
xanın ailəsinə xidmət edən qapı verilmışdir.
Şəbəkə___
Şəbəkəçilik ağacişləmə sənətinin bədii sahələrindən,böyük məharət tələb
edən növlərindən biri olub kiçik ölçülü taxta və şüşə parçalarının
bir-birisinə geyindirilməsi üsulu ilə hazırlanır.Şəbəkələrin hər bir kvadrat metri
orta hesabla 5000 taxta və rəngli şüşə parçasından yığılır.Mürəkkəb hissələrdə
detalların sayı 14000-ə çatır. Abidədə işlədilən şəbəkələr çinar və cökə
ağaclarından yığılmışdır.Digər konstruktiv elementlər fıstıq,qoz,palıd ağaclarındandır. Azərbaycanda
şəbəkə sənətinin gözəl nümunələrinə Şəki
Xan sarayı ilə yanaşı, Şəkixanovların evi , İrəvanda Hüseynqulu xanın
sarayı(XVII əsr) və Şuşada Kərim Mehmandarovun yaşayış evində (XIX əsr) rast
gəlinir.
XVI—XVII əsrdən dövrümüzə qədər
şəbəkəçilik sənətinin 2 nümunəsi də gəlib bizə çatmışdır. Bunlardan biri Qusar
rayonunun Həzrə kəndindəki Şeyx Güneyd türbəsindəki sənduqə, o birisi isə
Gəncədə Cümə məscidinin minbəridir.
Xanlıq dönəmi Şəkisində Teymur Nəbioğlu
kimi ad-san qazanmış şəbəkə ustası yaşayıb yaradıb.Şəki xan sarayının
bərpasında işləmiş Əşrəf Yaqub oğlu Rəsulov Azərbaycanın Əməkdar rəssamı fəxri
adına layiq görülmüşdür.Hazırda şəhərimizdə bu sənətin layiqli davamçıları olan Tofiq Rəsulov,Hüseyn
Hacımustafazadə,Soltan Ismayılov kimi şəbəkə ustaları fəaliyyət
göstərirlər.Onlar həm də Xan sarayının sonuncu bərpasında iştirak etmiş
ustalardandır.
XVIII əsrin şəkili şəbəkə ustaları
naxış motivlərini xeyli mürəkkəbləşdirərək
,,şəmsi,, deyilən
kompozisiya növünü yaratmışlar.Son dövürlərə qədər hətta ən mahir şəbəkə
ustaları belə şəbəkə üsulu ilə yalnızca müstəvi şəkilli fiqurlar,qapı və
pəncərələr hazırlayırdılar.Ancaq 2009-cu ildə istedadlı şəbəkə ustamız olan
Hüseyn Hacımustafazadə yenilik edərək yumru,top formalı “kəhkəşan”adlı
qeyri-adi bir şəbəkə növü yaratdı.Bu da şəkili sənətkarların öz dədə-baba
sənətlərini nəyinki yaşatdığı,hətta gündən-günə inkişaf etdirdiyinə sübutdur.
Şəki xan sarayı Azərbaycan memarlığına xas
bütün sənətkarlıq və boyakarlıq növlərini özündə birləşdirib.Bu sarayda
yalnızca şəbəkə deyil,eyni zamanda daş,ağac,gəc üzərində
oymalar,dağlama,yandırma,həndəsi və nəbati rəssamlıq,minyatür rəssamlığı və
dekorativ tətbiqi sənət geniş yer tutur.
Saray naxışları əsasən dörd qrupa bölünür-həndəsi,nəbati
naxışlar,süjetli kompozisiyalar və zoomorf(qus) təsvirləri.Naxışlar vurulduğu səthdən
asılı olaraq,müxtəlif kompozisiyalarda işlənmişdir.Sarayın əsas dekorativ səthi
taxça və aralıqları dolduran pannodur.Bunlar əsasən bitki motivlərindən
yığılmış və hərdən quş təsvirləri əlavə olunmuş bəzəklərdir.Ümumilikdə sarayın
naxışları koloritinin zənginliyi,qızılı rəngin geniş tətbiqi ilə xarakterizə
edilir.Rənglərin seçilməsi yerli tonların tətbiqinə əsaslanır.O dövrün bütün
divar naxışları kimi,bunlar da tempera ilə
gəc üzərində işlənmişdir.Ikinci mərtəbənin salonunun divarlarındakı naxışlar
vurulduğu səthlərdən asılı olaraq , müxtəlif kompozisiyalarda göstərilimişdir.Əsas
kompozisiyalar taxça və pannolarda əks etdirilmişdir.Salonun taxçalarında və
ikinci yaruslarında ov və döyüş səhnələrindən ibarət kompozisiyalar
işlənmişdir.Ov səhnələrində rəssam Azərbaycan təbiətində olan quşları ,
heyvanları təsvir etməklə yanaşı , həm də mifik təsvirlərə yer ayırmışdır.Burada əjdaha , təkbuynuz kimi
əfsanəvi varlıqların da təsvirləri var.Bütün bunlar rəssamın dünyagörüşünün və
təxəyyülünün rənglər vasitəsilə inikasıdır.
Məlum olduğu kimi saray XVIII əsrdə inşa
olunub.Çikaqo universitetinin professoru Odri Altştad sarayı XVII-XVIII əsrlərlə
bağlayır.Şandor Rado qeyd edir ki, saray 1760-cı ildə Hüseyn xan tərəfindən
ucaldılıb.Rəssamlıq ensiklopediyası sarayı 1761-1762-ci illərə aid
edir.Azərbaycan Sovet ensiklopediyası da sarayı XVIII əsrin 60-cı illərinə aid
edir və göstərir ki,Hüseyn xan Müştaq tərəfindən tikdirilib.Ümumiyyətlə sarayı
müstəqil Şəki xanlığının əsasını qoymuş Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştaqın
1762-ci ildə tikdirildiyi təsdiqlənir.(Elə bu səbəbdəndir ki, 4 iyul 2012-ci il
tarixdə sarayın 250 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.)Hüseyn xan
Müştaq zamanında tikilmiş saray xalq arasında Müştaq imarəti adlanır.
Müştaq (ərəbcədən tərcümədə
–şövqlü,həvəsli,arzulu) təxəllüsü ilə şeirlər yazan Hüseyn xan müstəqil Şəki
xanlığının əsasını qoyan Hacı Çələbinin ən böyük nəvəsi (Həsən Ağanın oğlu)
idi,babasının vəsiyyəti əsasında 20 yaşında hakimiyyətə gəlib,22 il Şəki
xanlığını idarə etmişdir (1758-1780).Hətta babası Hacı Çələbi xandan da çox
hakimiyyətdə olan Hüseyn xan döyüşlərdən fürsət tapan kimi,həm şəhərdə,həm də
Şəki xanlığına daxil mahallarda da gözə çarpan quruculuq işləri görmüşdür.
Hüseyn xan Müştaq haqqında qalan çox cüzi tarixi sənədlərdə intiqam həvəslisi,cəsur
sərkərdə,təmkinli diplomat,gənc və yorulub- usanmaz dövlət adamı kimi səciyyələndirilir,şair
kimi o qədər də yox.Şair Hüseyn xan Müştaqın ən böyük əsəri şair xəyalı və sözlə
deyil,memar xəyalı,bənna əlləri və rəssam fırçası ilə yazılıb.Və bu əsərin adı
Xan sarayıdır!..Bəlkə də Hüseyn xan hətta gözəl şair olsaydı belə,Xan
sarayından gözəl sənət abidəsi yarada bilməzdi.
Azərbaycan tarixində,A.Bakıxanovun
dili ilə desək,hünərli,şücaətli,amma təbiətən rəhmsiz bir adam kimi tanınan
Hüseyn xan hakimiyyətə çox da rahat gəlməyib.1758-ci ildə Şəki xanlığının
zəifləməsini və onun tərkibindəki Ərəş sultanlığının müstəqilliyə can atmasını
görən Qazıqumux hökmdarı Məhəmməd doğmaca qızının əri olan Ağakişi xanı (Hüseyn
xanın əmisini) xaincəsinə öldürtdürüb Şəkidə hakimiyyəti ələ keçirtdi.Qazıqumux
hökmdarının ədalətsiz idarəçiliyi Şəkidə
üsyana səbəb oldu.Şəki bəylərinin köməyi ilə Şamaxıya qaçmış Hüseyn xan Qarabağ
xanı Pənahəli xanın da dəstəyi ilə Qazıqumuxlu Məhəmməd xanın 40 günlük
hakimiyyətinə son qoydu və taxta oturdu.
Az sonra özünü müstəqil hesab
edən Ərəş sultanı Məlik Əli Şəki xanlığını da ələ keçirmək istəyirdi.Urmiyalı
Fətəli xan Əfşar İranda hakimiyyətə gələndən sonra Azərbaycana hücum edib
Qarabağı tutur.Məlik Əli onun düşərgəsinə gedib ona tabe olduğunu bildirir və
Şəkini ona verməsini istəyir.Kərim ağa Fatehin yazdığına görə hədiyyələrlə
Fətəli xan Əfşarın görüşünə gedən Hüseyn xanın Şəki vilayətinin əsl bəyzadəsi olduğunu bilən Fətəli onun Şəki
xanı qalmasına razılıq verir.Hüseyn xan həm Şəki xanlığının torpaqlarını
qorumaq,həm də genişləndirmək üçün əlindən gələni əsirgəməyib.Fətəli xan
Əfşarla münasibətləri ona öz hakimiyyətini qorumağa,Qubalı Fətəli xanla
əməkdaşlığı isə Şamaxı torpaqlarının önəmli hissəsini Şəki xanlığına qatmağa
imkan vermişdi.
1774-cü il Gavduşan döyüşündə
Hüseyn xan da gündən-günə güclənən qubalı Fətəli xana qarşı vuruşmuşdu.
Hüseyn xan Xan sarayını 1762-ci
ildə xanlığının ilk illərində,iki il aramsız sürən savaş və çəkişmələrdən sonra
tikib.Onun bu təşəbbüsü də bir dövlət adamının incə diplomatik gedişi idi-çünki
bir tərəfdən göz qabağında Şəkini abadlaşdırır,o biri tərəfdənsə sanki
düşmənlərinə eşitdirirdi ki,bax,mən-Şəki xanı,heç kimin torpağına göz
dikməmişəm və heç bir döyüşə,heç bir savaşa hazırlaşmıram.
Hüseyn xan Müştaqın ən gözəl
şeiri Xan sarayı olduğu kimi,hökmdar Hüseyn xanın ən böyük qələbəsi də elə
həmin yay imarəti oldu...
1780-ci ildə Hüseyn xan əmisi
Əbdülqadir,Hacı Çələbinin əmisi oğlu Hacı Rəsul bəy və Şəki əyanlarından ibarət
bir qrupun sui qəsdi nəticəsində təxəllüsünə uyğun olaraq elə arzulu və
həsrətli gözləri ilə dünyasını dəyişdi...
Şəki xanlığı Rusiya imperiyasına
birləşdirildikdən sonra 1848-1851-ci illərdə Hüseyn xan Müştaqın nəvəsi şair
Kərim ağa Fateh sarayı bərpa etdirib.25 aprel 1921-ci ildə Azərbaycan Bərpa
komitəsi Nuxa və Şuşadakı Xan saraylarının bərpasına 25 milyon rubl pul
ayırır.13 mart 1939-cu ilde Ümumittifaq Memarlıq Akademiyası komissiyasının
iclasında memar P.Baranovski tərəfindən Şəki Xan sarayının bərpasına dair hesabat
təqdim olunmuşdur.1955-1965-ci illərdə memar N.Q.Rzayevin layihəsi və
rəhbərliyi ilə sarayda əsaslı bərpa aparılıb,rəssamlardan F.Hacıyev,şəbəkəçi
Ə.Rəsulov bərpada iştirak edib.XIX əsrin sonu XX əsrin əvvəllərində saray
yenidən bərpa olunub.1895-1896 –cı illərdə Şamaxılı nəqqaş Mirzə Cəfər
birinci,1902-ci ildə Şuşalı usta Qəmbər,qardaşı Səfər,oğlu Şükrü,Şamaxılı
rəssam Əli Qulu və Qurban Qulu ikinci mərtəbəni bərpa etmişdir. Sarayın sonuncu
bərpası Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Asossasiyasının arasında
bağlanmış kredit sazışı əsasında "Mədəni İrsin Qorunması "
layihəsi çərçivəsində Dünya Bankı
tərəfindən ayrılmış vəsait hesabına
2002-ci ilin sentyabr ayından 2004-cü ilin noyabr ayına kimi
"Denkmalpfleqe Mecklenburq" şirkəti ilə Şəki sənətkarları birlikdə
aparılmışdır.
Sarayın memarı ikinci mərtəbənin
zalının tavanında naxış içərisində adı iki dəfə-sağdan-sola və soldan-sağa qeyd
olunmuş Ustad Abbasqulu hesab olunur.Onu da qeyd edək ki,elə sarayın ən qədim
rəsimləri də bu otaqda Ustad Abbasqulu tərəfindən işlənmiş rəsmlərdir.Həm də
Abbasqulunun ,,usta,, yox ,,ustad,, adlandırılması onun sarayın memarı olması
ehtimalını daha da gücləndiri
İkinci mərtəbənin
mərkəzi zalından başqa bütün otaqlarda buxarılar var.Birinci mərtəbədəki
buxarılar sadədir,ikinci mərtəbədəki buxarıların isə üstü nəbati rəsmlərlə
bəzədilib.Saray yay binası olduğundan buxarılarda odun yandırılmayıb,elə bu
səbəbdən də onlar kiçik ölçülüdülər.Ola bilsin ki,buxarılarda qara çıraqlar
yandırılıb,otaqlar işıqlandırılıb.Bəlkə də manqallar qoyulub,onların
içərisindəki köz otağa hərarət verib.
Sarayın özunəməxsus gözəlliyi
hər zaman səyahətçilərdə dərin təəsürat buraxıb.A.Düma(1859),Aleksandr
Korniloviç,Andrey Fadaev,Arnold Zisserman saray haqqında yazıb,L.Tolstoy,N.Rayevski(1826),İlya
Berezin,Eliza Reklyu və başqaları onu yada salıb.
Saray əsas etibarı ilə inzibati bina
olduğundan buradakı otaqlar da iş otaqları kimi təqdim olunur.Birinci
mərtəbəsində məmurların gözləmə otağı,dəftərxana və divan otaqları var.Hər iki
yan otaq sadə üslubdadır.Mərkəzdəki divan otağı öz zəngin dekorasiyası ilə
digər iki otaqdan tamamilə fərqlənir.Bu otağın hər iki küncündə kiçik otaqlar
yerləşir.Bəzi mənbələrdə həmin otaqlar ibadət hücrələri kimi təqdim olunsa da ,
digər mənbələr onların yük yeri olduğunu göstərir.Belə ki, keçmişdə insanlar
yerdə döşəkçə üzərində əyləşib yastıq , mütəkkələrdən istifadə etdiyindən , bu
otaqlardan yük yeri kimi istifadə olunduğu da güman edilir.
Kiçik otaqların arasında balaca bir
hovuz yerləşir.Hovuz altı guşəli ulduz formasındadır.Dağdan saxsı borular
vasitəsilə təzyiqlə gələn su hovuzun içərisində təbii surətdə fəvvarə
yaradar və bu otağa sərinlik , təravət
gətirərmiş.Eyni zamanda dünya sarayları,əsasən də Osmanlı sarayları ilə
muqayisə etsək görərik ki,divan otağında hovuzun olması başqa bir əhəmiyyət də
kəsb edir.Belə ki,hovuzun yanında əyləşən xan öz vəzir-vəkili ilə
məsləhət-məşvərət etdikdə fəvvarənin şırıltısından ətrafdakılar onların nədən
danışdığını duya bilmirdilər.Hovuzun üstündəki güzgülü tavan işıqlanmanı
artırmaq məqsədi daşıyır.
Divan otağının hər iki qapısının
başında bərpaçı nəqqaş şamaxılı usta Cəfərin adı qeyd olunub.Bütün otaqların
qapılarının kandarında taxta arakəsmələr qoyulub.Belə izah olunur ki,o zamanlar
insanlar yerdə oturduğundan bu arakəsmələr qoyulub ki,onlara soyuq dəyməsin,axı
soyuq hava kütləsi həmişə aşağıda olur.Bəzən qeyd edirlər ki,bu arakəsmələr və
alçaq qapılar içəriyə daxil olan adamın məcburən baş əyməsinə səbəb
olur.Bununla da içəri girən kəs hörmət əlaməti olaraq otaqda olanlara təzim
edib,onları salamlayır.
Divan otağının tavanı öz
orijinallığı ilə diqqəti cəlb edir.Bu tavan 5524 ədəd kiçik ölçülü taxta
parçasının həndəsi fiqurlar formasında biri-birisinə geyindirilməsi ilə şəbəkə
üslubunda hazırlanıb,250-ildən çoxdur ki,öz gözəlliyi ilə göz oxşayır.Tavanın
mərkəzində güzgülü hissə yerləşir ki,vaxtilə həmin hissədən zəngirlər
vasitəsilə qəndillər asılar otaq işıqlandırılarmış.Bu salonun karnizində ,
stalaktidlərin üzərində , kiçik
üçbucaqların arasında iti gözlərdən uzaq yerlərdə müxtəlif minyatür rəsmlər –ev
və meşə heyvanları , quşlar , ayrı-ayrı millətlərin
nümayəndələri,ovçuluq,heyvandarlıq,idman,rəqs və sairlə məşğul olan insanarla yanaşı,mifaloji
varlıq-şeytan belə təsvir
olunmuşdur.Bunların arasındakı rəqs edən qadın təsvirləri demək olar ki,
sarayda əks olunan zərif cinsin yeganə numayəndələridir.
Sarayın ikinci mərtəbəsinin bütün
otaqları zəngin dekorativ elementlərə malikdir.Buradakı bütün otaqların
döşəməsində tavanlardakı naxışları öz keşniləri ilə təkrarlayan ipək xalçalar
var imiş.Ancaq çox əfsuslar ki,onlardan heç biri bizim dövrümüzə gəlib
çatmayıb.(Sarayda qonaq olmuş Tarix İnstitunun müəllimlərindən biri saraya
məxsus xalçalardan birini 1835-ci ildə Şəkinin qubernatoru olmuş Vstakov
tərəfindən Ermitaj muzeyinə hədiyyə edildiyini qeyd edib,eyni zamanda bu
məlumatın dəqiqliyinə də zəmanət verib.)
İkinci mərtəbədə xanımın qəbul
otağı,xanın qonaq otağı və iş otağı yerləşir.Xanımın otağı öz ornamentlərinin
incəliyi,zərifliyi,qadın zövqünü oxşaması ilə seçilir.Qonaq otağı ikinci mərtəbənin
mərkəzi zalında yerləşir.Burada da kiçik yük otaqları var,onların arasındakı
çıxıntıda xanın taxtı yerləşirmiş.Bu otağın divarlarında haşiyə formasında ov
və döyüş səhnələri əks olunub.Tavanda sarayın memarı hesab olunan Abbasqulunun
imzası,onunla yanaşı bərpaçı Qəmbərin
adı (Əməli nəqqaş Qarabaği Qəmbər,1302(hicri)) qeyd olunub.Xanın iş otağı öz
divar rəsmlərinin müxtəlif mənalar daşıması ilə fərqlənir.Bu otağın tavanında
iki naxışın içərisində yazı var.Bunlardan biri fars dilində yazılmış şeirdir,mənası
belədir:”Mən bunu yazdım yadigar,mən qalmaram bu qalacaq yadigar”.Digər yazıda
isə aşağıdakı cümlə yazılıb:”İlahi sən Əlinin xatirinə Qurbanəlinin günahlarını
bağışla.”Qurbanəli bildiyimiz kimi sarayın bərpaçılarından olub.
Bu otaqda təsvir olunmuş rəsmlərin
bəlkə də tamamilə başqa anlamları var,ancaq bizə bəlli olan açıqlamaları
belədir:
Nar –cənnət
meyvələrindəndir.Hesab olunur ki,yeddi cənnət meyvəsi var-alma,heyva,nar,
əncir,üzüm,zeytun və xurma.Bunlardan yalnız ikisi sarayda təsvir olunub-nar və
üzüm.Çünki nar meyvələrin şahıdır,xanın,sultanın taci olduğu kimi narın da
başında tac var.Nar şirinlik,bolluq,bərəkət,dövlətçilik rəmzidir.Narın
içərisindəki dənələr xalqı əks etdirir.Onların arasındakı pərdələr kimi,xalq da
ayrı-ayrı tayfalara,nəsillərə,təbəqələrə bölünür.Ancaq onlar yenə də bir
meyvənin içərisindədirlər,bu dövlətdir və dövlət də nar kimi parçalandıqda
artıq öz mövcudluğunu itirir,dağılır və məhv olur.Narın bir sirri daha
var.Narın başındakı tacın uclarının sayı əgər tək saydadırsa içərisindəki
dənələrin də sayı tək,cüt saydadırsa cüt olur.
Üzüm isə nütfə şəklində olduğundan
başlanğıc simvolu hesab olunur.
Əjdaha-xanın şəxsi iş otağında təsvir olunmuş əjdahalar ağızlarında od-alov
yerinə gül-çiçəklərlə təsvir olunublar.Əjdaha adətən hakimiyyəti,gücü təmsil
edir.Burada əjdahaların ağzında gül-çiçək olması onu əks elətdirir ki,hökmdar
güclü,qüvvətli,qüdrətli olduğu qədər də rəhmli və mərhəmətli olmalıdır.
Əjdaha və
aslanın savaşı-burada təsvir olunmuş heyvanlardan
biri real,digəri isə mifik olsa da hər ikisi güc rəmzidir.Bu o deməkdir ki,gecə
ilə gündüz,xeyirlə şər,ağılla ürək hər zaman mübarizə edir.Atalar sözü olan
”iki qoçun başı bir qazanda qaynamaz” məsəli sanki bu rəsmi əks etdirir.
Aslan keçini parçalayır – bu təbiətin qanunudur.Güclü hər zaman zəif üzərində qalib gəlir.
Canavarlar və
keçilər birlikdə təsvir olunub-burada
isə rəssam öz arzusunu təsvir edib.Sülh,əminamanlıq.Yəni hökmdar rəhimli olarsa
rəiyyət də sülh içində yaşayar.
Tovuzquşu-gözəllik rəmzidir.Ancaq nə qədər gözəl olsa da onun səsi çox pis ayaqları
isə eybəcər olur.Bu o deməkdir ki,dünyada eyibsiz gözəl yoxdur,hər gözəlin bir
eybi,bir qüsuru var.
İki aslan pəncələri üstündə dayanıb bir tac
saxlayır-birlik rəmzidir.Yəni
hakimiyyət və rəiyyət hər zaman birlik olarsa dövlət də yüksələr.Necə deyərlər
tək əldən səs çıxmaz,güc birlikdədir.
Qadın başlı aslan başında tac,əlində
qılınc-yəni “aslanın erkəyi dişisi olmaz”,yalnızca
kişilər deyil,qadınlar da silah göturub vuruşmağı bacararlar.Həmin rəsimdə
heyvanların şahı hesab olunan aslan balıq üzərində təsvir olunub,balıq isə
sürüşkəndir.Yəni dünyada hər şey həyat,sağlamlıq,hakimiyyət,var-dövlət,gənclik,gözəllik
elə balıq kimi bir andaca insanın əlindən sürüşüb çıxa bilir,hər şey
müvəqqətidir,fanidir,dünya malı elə dünyada qalır.Aslanın quyruğu bədənindən
bir parça olsa da sonunda əjdahaya çevrilib başının üzərində dayanır-bu onu
izah edir ki,hər bir insanın düşməni onun öz yanında olur.Hətta birinci düşmən
elə insanin öz içində daxilindədir. Bu insanın nəfsidir,tamahıdır. Alleqorik
formada təsvir olunmuş bu aslanın qanadları onların üzərində isə günəşə
bənzədilmiş qadın siması təsvir olunub. Bu hakimiyyətdə olan kişiyə
məsləhətdir. Kişi qadının xarici gözəlliyinə deyil,daxili gözəlliyinə dəyər
verməlidir. Necə deyərlər gözəl üzdən qırx gündə doyarsan, gözəl xasiyyətdən
isə qırx il də doymaq olmaz. Qadın gözəl olduğu qədər ağıllı, sədaqətli, vəfalı
da olmalıdır, əks halda onun ərini qurtuluşu olmayan fəlakət gözləyir. Atalar
demişkən arvad var ərini vəzir eylər, arvad var ərini rəzil eylər. Elə ona görə
də eyni rəsm digər tərəfdə tacsız və qanadsız təsvir olunub. Bir də unutmamaq
lazımdır ki, tarixdə bir çox hökmdarlar məhz qadın xəyanəti ilə taxtan salınıb,
hakimiyyətdən uzaqlaşdırılıb, əksər vaxtlarda isə öldürülüb.
Bütün bu rəsmlər öz mənaları ilə hər
zaman, hər kəsə həyat dərsi verə biləcək dəyərdədirlər. Bu rəsmlərdə şərq islam
fəlsəfəsi öz əksini tapıb, ona görə də həmişə yaşayacaq və yaşadacaq.
Sarayda təsvir olunmuş ov və döyüş səhnələri:
Dəqiq ardıcıllıqla təsvir
olunmadığından ilk baxışdan elə görünür ki , ov və döyüş səhnələrində heç bir
sistem yoxdur , əslində isə salonun şimal hissəsinin qərb divarındakı friz
üzərində təqdim edilmiş ov səhnələri 5 hadisəni əks etdirir:
Birinci səhnə - xallı bəbir və
ceyranın yaralanması,ikinci səhnə - maral ovu,üçüncü səhnə - əjdaha ilə döyüş,dördüncü
səhnə - təkbuynuzun yaralanması,
beşinci
səhnə - bir gənc tərəfindən rəhbərlik edilən atlılar dəstəsidir.Xəz yaxalıqlı ,
bahalı geyimli , qızılı sancaqlı , qara lələk qoyulmuş ipək başörtüklü bu gəncin çox şöhrətli bir ailədən
olduğu təsvir edilir.
Ov səhnələrində 4-5 nəfər təsvir edilmişdir.Salonun
şərq tərəfində təsvir edilmiş birinci səhnədə şimal tərəfdən yenə də iri və
tünd rəngli qiymətli daş-qaşla bəzədilmiş əbalı bir gəncin başçılıq etdiyi atlı
dəstəsi,ikinci səhnədə öz ovunu nişana
almış ovçu,üçüncü səhnədə qara bəbirin
ovlanması , dördüncü səhnədə vəhşi qabanın öldürülməsi , beşinci səhnədə ayı
ilə döyüş , altıncı səhnədə isə maralın nizə ilə vurulması təsvir
edilmişdir.Səhnələr arasındakı əlaqələr şərtidir.
Döyüş səhnələri haqqında konkret
bir araşdırılma aparılmasa da,sanballı bir elmi əsər və ya məqalə yazılmasa da
öz mülahizələrimiz əsasında qeyd edə bilərik ki,burada konkret bir tarixi döyüş
deyil,tariximizin müxtəlif mərhələləri əks olunub.
Şərq tərəfdəki frizə baxdıqda burada ilk olaraq əllərində 7 ədəd müxtəlif
bayraq tutmuş iki dəstə təsvir olunub.Dəstələrdəki əsgərlər Azərbaycan milli
geyiminde təsvir olunub,başlarında müxtəlif rəngli sarıq-papaqlar var.Əsasən
odlu silahlarla silahlanmış dəstə üzvlərinin əllərində nizələr də var.Odlu silahlar
xanlıq dövrü Şəkisinin öz istehsalı olan “dayandoldurum” adlanan silah
növündəndir.Dəstələr arasında qaradərili əsgərlər də təsvir olunub.Ola bilsin
ki,onlar muzdlu əsgərlərdir.Bayraqlar haqqında konkret bir söz demək mümkün
deyil,çünki onlardan heç biri dövrümüzə qədər gəlib çatmiş Şəki xanlığı
bayraqlarının oxşarı deyil.
Dəstələrin önündə üç zadəgan
tərəfindən müşayət olunan gənc hökmdar təsvir olunub. Onun əlində qızıl əsa, başında
tac, əynində qiymətli libas var. Hökmdarın atı da digərlərindən öz gözəlliyi və
rəngi ilə fərqlənir. Hökmdarın belə gənc təsvir olunması belə bir qənaətə
gətirir ki, bu iyirmi yaşında xanlıq taxtına sahib çıxmış Hüseyn xan Müştaqdır.
Xanın ayaqları altına beş ədəd kəsilmiş baş atılıb. Bu o dövrün döyüş qaydalarından
idi. Hər bir döyüşçü öz şücaətini sübut etmek üçün düşmən başı gətirməli idi.
Bu səhnədən sonra uzaqdakı düşmən
qoşunlarını durbinlə izləyən atlı və
onun qarşısında əsir alınmış,əli-qolu bağlı bir zadəgan ətrafında
döyüşçülər,daha sonra isə bir dəstə
zadəgan təsvir olunub.Zadəganların özləri atlı olsalar da onlardan üçünün
yanında yüyənindən tutub apardıqları yəhərləri öz gözəlliyi ilə göz
qamaşdıran,ipək örtüklü dəyərli atlar var.Belə hesab etmek olar ki,bu atlar ya
düşmənlə döyüşdə qənimət kimi götürülüb,ya da hansısa sülh muqaviləsi bağlamaq
üçün bəxşiş kimi aparılır.Qeyd etməliyik ki,yaxşı at döyüşçünün ən yaxın
yoldaşı və silahdaşı,ən qiymətli bəxşiş və qənimət hesab olunurdu.
Daha sonra əllərində nizəyə
keçirilmiş başlar tutan iki döyüşçü təsvir olunub.Bütün bunlar insanın tükünü
ürpərdir.Döyüşə,müharibəyə nifrət yaradır.
Növbəti səhnədəki dəstənin iki
bayrağı var,onların geyimi monqolları xatırladır,əsasən ox və yaylarla
silahlanıblar,başlarında monqol papaqlarına oxşar papaqlar var.Bu dəstə
haqqında iki fikir söyləmək olar.Birincisi ola bilsin ki,burada XIII əsrdə
Azərbaycana yürüş etmiş monqollar əks olunub.İkincisi unutmaq olmaz ki,Şəki
xanlarının nəsilləri özü də monqol əsilli türkləşmiş orlat soyundan olub.Həm də
ki,yaxınlıqda Car-Balakən sultanlığında avarlar yaşayırdı ki,onlar ox-yay
işlətməkdə çox mahir idilər və hər zaman Şəki xanlığına köməyə gəlirdilər.
Digər dəstə başları papaqlı,milli
geyimli,daha iki fərqli bayrağı olan döyüşçülərdən ibarətdir.Onların qarşısında
dayanan dəstə zirehli geyimdədir,başlarında dəbilqələr var,bir bayraq tutublar.
Şərq tərəfdəki friz qurtardıqdan
sonra,digər divarda artıq dəhşətli döyüş başlayır.İlk öncə əsgərləri vuruşa
ruhlandıran döyüş marşı çalınır.Bu səhnədə Şəkiyə məxsus musiqi alətləri kos
nağara və zurna təsvir olunub.Daha sonra sərkərdə toplardan atəş açılmasını əmr
edir və döyüş başlayır.Qanlı döyüş səhnəsində kəsilmiş başlar,başsız
bədənlər,yaralı insanlar bir-birini əvəz edir.Bu səhnədə müxtəlif geyimlərdə
olan döyüşçülər,eyni zamanda rus kazakları da təsvir olunub.Axı onlar da
vaxtaşırı Azərbaycana qarətçi yürüşlər edirdilər.
Qərb divarındakı frizdə təsvir
olunmuş döyüş səhnəsi iki bayrağı olan böyük bir silahlı dəstənin təsviri ilə
başlayır.Onlar əsasən səfəvilərə məxsus geyimdədirlər.Dəstənin qarşısında orta
yaşlı başında əmmamə,əlində qızıl əsa olan hökmdar dayanıb,onun ayaqları
altında da dörd kəsilmiş baş var.
Burada da durbinlə təsvir
olunmuş kəşfiyyatçı,yenə də üç boş atla bərabər təsvir olunmuş atlı zadəgan
dəstəsi var.
Ayrıca üç silahlı dəstə də
təsvir olunub,onların beş ayr- ayrı bayrağı var.Onu da qeyd edək ki,bu frizdəki
bütün döyüşçülərin geyimi eynidir.
Bu friz qurtardıqdan sonra yenə
də döyüş marşı,toplardan atəş açılmasını əmr edən sərkərdə təsvir olunub.
Bununla da döyüş başlayır.Bir dəstə osmanlı geyimində təsvir olunub.Çünki
vaxtaşırı səfəvilərlə osmanlılar arasında toqquşmalar baş verirdi.Döyüş
səhnəsində yenə də qarışıq geyimli əsgərlər var,arada üç bayraq təsvir olunub.
Bu döyüş səhnələrinə baxdıqda bəzən insanda
belə bir hiss yaranır ki, rəssam belə dəhşətli,qorxulu səhnələri özü qəsdən
qonaq otağının gözəllikləri,güllü-çiçəkli təsvirləri arasında yerləşdirib
ki,bütün bunları görən hər kəs sülh və müharibə arasındakı fərqi hiss
etsin.Sülhün yaratdığı gözəlliklərlə müharibənin yaratdığı dəhşətləri müqayisə
etsin və nəticə çıxarsın.
Buta___ (butə,
puta) – qönçə; badamabənzər naxış növüdür. Azərbaycan ornament sənətinin ən çox
yayılmış bəzək elementlərindən biri olan buta Şəki xan sarayında da geniş yer
tutur.Butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğu ehtimal edilir.
Bakı, Gəncə, Ərdəbil, Təbriz, Naxçıvan, Salyan, Muğan xalçalarında, binaların
daxili bəzəkləri və digər sənət nümunələrində butadan geniş istifadə
edilmişdir. Buta Orta Asiya və Yaxın Şərq ölkələrinin də (Hindistanın tirmə
şallarında, İranın parça və metal məmulatlarında və s.) dekorativ və tətbiqi
sənətində geniş yayılmışdır.
Butalar forma etibarı ilə 4 qrupa bölünür:
1.Xalça bəzəyində işlədilən
butalar ("Muğan-buta", "Salyan-buta",
"Xilə-buta", "Bakı-buta", "Sarabi-buta",
"Gəncə-buta", "Şirvan-buta");
2.Ailə həyatını təmsil edən
butalar ("bala-buta", "həmli-buta",
"balalı-buta", "evli-buta", "qoşaarvadlı-buta" və
s.);
3.Rəmzi mahiyyət daşıyan
butalar ("cıqqa-buta", "lələk-buta",
"küsülü-buta", "qovuşan-buta", "yazılı-buta" və
s.);
4.Bu qrupa müxtəlif formalı
butalar daxildir: "saya-buta", "əyri-buta",
"dilikli-buta", "qıvrım-buta", "şabalıd-buta",
"zərxara-buta", "badamı-buta", "qotazlı-buta",
"çiçəkli-buta", "yanar-buta" və s. Rəmzi məna daşıyan
butalar zaman keçdikcə tədricən müxtəlif məzmunlu və formalı motivlərlə
zənginləşmişdir.
Şəki xanlarının sarayında butanın
yuxarıda qeyd olunmuş bütün növlərinə rast gəlmək mümkündür.
Azərbaycan dilinin izahlı lüğətində
(Bakı, 1966 səh. 331) buta sözünün aşağıdakı mənaları verilmişdir:
I.Buta –1.Qonçə,
2.Parçaların üzərində badamabənzər xırda naxış, xırda gril şəkli.
II.Buta – (fars – butə)
içində qızıl, gümüş əritmək üçün odadavamlı materialdan (gildən) hazırlanmış
qab.
Buta sadəcə təsviri incəsənətimizin
yoxda, eyni zamanda folklorumuzun, şifahi xalq ədəbiyyatımızın əhəmiyyətli
ünsürlərindəndir.
"Fоlklоrda buta ulu əcdadlarımızın
kоsmоqоnik düşüncəsinin daşıyıcısı missiyasını yеrinə yеtirir. Qədim insanların
düşüncəsində su, bitki, dağ və digər varlıqlar müqəddəs hеsab еdilmiş, həyatın
ilkin başlanğıcı sayılmışdır. Bu baxımdan buta nəslin davamı, artımın
simvоludur. Buta Azərbaycan dastanlarında aşiq və məşuq arasında xəyali kоntakt
rоlunu оynayır. О, məhəbbət dastanlarında görünməmiş bir еşqin, üstün, ilahi
bir məhəbbətin nümunəsi оlaraq sеçilmiş qəhrəmana-aşiqə aşıqlıq, şairlik
istеdadı da bəxş еdir.
Azərbaycan məhəbbət dastanlarının
strukturu, təməli də buta üzərində qurulur. Bu əsas üzərində cərəyan еdən
hadisələrin mürəkkəb inkişafı və məqsədi sоnda aydınlaşır. Butadan başlanan
aşiqliyin yоlu məşəqqət və əzablardan kеçir.
Butanın əsasən aşağıdakı mənaları kəsb
etdiyi qeyd olunur:
Buta başlanğıc rəmzidir___
ana bətnindəki embrion eynilə buta formasında olur.Miladdan əvvəl III
minillikdə insanlar “buta” formasında dəfn olunurdular,çünki inanırdılar
ki,ölüm yeni bir həyatın başlanğıcıdır.
Buta ipək
simvoludur___Azərbaycan ipək yolu üstündə yerləşir,Şəki Azərbaycanın ipəkçilik
mərkəzlerindən biridir,bütün ipək istehsal edən ölkələrdə buta və butaya bənzər
naxışlar var.Hətta barama içərisindəki ipəkqurdu da buta formasında
olur.Ipəkqurdunun özünün də üzərində buta qara rəngli butalar olur.
Butanı Azərbaycanda Eldar
şamının simvolu kimi də qeyd edirlər.Çünki Azərbaycandan başqa dünyanın heç bir
yerində bitməyən Eldar şamı da eynilə buta formasında olur.
Süsən- təsvirləri
də sarayda buta qədər geniş yer tutur.Süsən ola bilsin ki,xanlığın simvolu
olub.Çünki,xanlıq dövrü abidələrinin demək olar ki,hamısında-xan
sarayında,Şəkixanovların evində,bir çox şəxsi mülklərdə və xan qəbristanlığında
olan baş daşılarının üzərində süsən təsvirləri var.O dövrlərdə süsənin köklərindən
yapışqan hazırlanır,süsən çiçəklərindən boyaq alınır,təbabətdə süsəndən
istifadə olunurdu.Təbabətdən söz açılmışkən qeyd edək ki,Hüseyn xan özü də bu
sahədə xüsusi bilik və bacarıqlara malik idi.Hətta onun tərtib etdiyi təbabət
reseptlərindən ikisi Şərq təbabəti
kitablarında da yer alıb.
Həndəsi ornamentlər:
Səkkizguşəli
ulduz-dünya və axirətin birlikdə səkkiz tərəfini əks etdirir.Əsasən onu
cəmiyyətdə cənnətin səkkiz qapısını göstərən işarə
hesab edirlər.Bəzən onu qədim türk kökləri ilə bağlayırlar, indi də bütün
türkdilli ölkələrin rəmzlərindən birincisidir.Türklər qədimdə köçəri həyat yaşadıqlarından tez-tez
yerlərini dəyişir və əsasən də gecələr yol gedirdilər.Bu zaman onlara yol
göstərən, bələdçilik edən Sirius ulduzu idi.Sirius ulduzu Yerə daha yaxın
olduğundan gecələr göy üzündə ən parlaq
ulduzdur.Onun saçdığı işıq da səkkiz bucaqlı görünür.Çünki,Sirius ulduzu
əslində bir yox,iki dənədir.Bunu alimlər yalnız XIX əsrdə öyrənsələr də Quranda
Sirius ulduzunun iki ədəd olması “Nəcm” surəsinin 49-cu ayəsində qeyd
olunur.Bir sözlə demək olar ki,səkkizguşəli ulduz həm dinimiz islamın,həm də
kökümüz türklüyün simvoludur.
Sarayda yalnız səkkizguşəli
deyil,beş,altı,on iki guşəli ulduzlar da təsvir olunub ki,onların da hərəsinin
öz mənası var.
Dördguşəli
ulduz-bu ulduz dörd ünsürü-su,od,torpaq və havanı
əks etdirir.
Beşguşəli ulduz-bu ulduzla bağlı qədim Şumerin Uruk şəhərində tapılmış ilk təsvirləri
arxeoloqlar miladdan 3500 il əvvələ aid edirlər.Hələ lap qədim zamanlarda
insanlar onu hər cür bəladan qoruyan işarə hesab edirdilər.Qədim Babilistanda
bu inam o qədər güclənmişdi ki,hətta dükan və anbarların divarlarında beşguşəli
ulduz çəkirdilər ki, mallarını oğurluq və korlanmaqdan qorusun.Hökmdarlar öz
möhürlərində beşguşəli ulduz təsvir etdirirdilər.Qədim Babilistanda bu işarə
hökmdarın dünyanın dörd bir yanına yayılmış qüdrətini əks etdirirdi.Hətta
Makedoniyalı İsgəndərin və Roma imperatoru I Konstantinin də möhüründə
beşguşəli ulduz təsviri var idi.
Altıguşəli
ulduz-iki üst-üstə qoyulmuş bərabərtərəfli
üçbucaqlardır.Bəzən altıbucaqlı ulduz iudizmlə bağlanır.Əslində isə ona bir çox
müxtəlif aspektlərdən-tarixi,dini və mədəni aspektdən baxmaq
lazımdır.Tantrizmdə altıbucaqlı ulduz iki dünyanın harmoniyasını əks etdirir.İti
bucağı yuxarı olan üçbucaq materiyanı,aşağı olan isə ruhu əks etdirir.Üst-üstə
qoyulmuş bu üçbucaqların həm də qadın və kişi başlanğıcını əks etdirdiyi hesab olunur.İti bucağı yuxarı olan üçbucaq
kişi,aşağı olan isə qadın başlanğıcını göstərir. Onikiguşəli
ulduz-
bu ulduz əsasən islam dininin on iki imamı
ilə bağlanılır.
Belə dəyərli məlumatlar üçün təşəkkürlərimi sizə bildirirəm. Təəssüfki bu məlumatları tapmaq həqiqətəndə çox çətindir. Bir gün bu mövzu haqqında geniş bir elmi araşdırma aparılacağına ümid edirəm.
YanıtlaSilsalam.cox maraqli melumatlardir bunlar mene cox komek oldu ama müellifin kim olduğunu deqiq bilmek isterdim menbe olaraq istifadə edəcəm
YanıtlaSilSizlere,deyerli melumatlar ucun derin minnetdarligimi bildirirem!
YanıtlaSilSiz də sağ olun. Buyurun.
YanıtlaSilBu çox maraqlı melumatlardır ve sizin bu derin arasdirmaniz ucun minatdaram
YanıtlaSilCok gozel melumatlar verilmisdir cox sagolun
YanıtlaSilTarixi faktları araşdıranlar?
YanıtlaSil
YanıtlaSilTarixi faktları araşdıranlar?
Çox sağolun məndə bunu çox bəyəndim
YanıtlaSilÇox sağ olun mende bunu beyendim
YanıtlaSil